Bakı. Trend:
Azərbaycan Respublikası Baş Prokurorluğu Gəncə şəhərinin Ermənistan tərəfindən raket hücumuna məruz qalmasının ildönümü ilə bağlı bəyanat yayıb.
Trend-in məlumatına görə, bəyanatda deyilir:
"Bəyan edirik ki, Ermənistan Respublikasının silahlı qüvvələri
beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli
Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, 2020-ci
ilin sentyabr ayının 27-də başlayan 44 günlük Vətən müharibəsinin
gedişatında əldə olunmuş humanitar atəşkəs rejiminin tələblərini
pozaraq, döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini
çıxmaq üçün Azərbaycanın münaqişə və cəbhə zonasından uzaqda
yerləşən şəhər və rayonlarındakı mülki infrastruktur obyektlərini –
yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb
binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati
binalarını, təsərrüfat təyinatlı əraziləri hədəf seçmiş, müxtəlif
növ silahlarla, ballistik raketlərlə, eyni zamanda qadağan olunmuş
artilleriya silahları ilə atəşə tutaraq insanlıq və sülh əleyhinə,
habelə müharibə cinayətləri törətmiş, müharibəyə hər hansı
aidiyyəti olmayan, gündəlik qayğıları ilə yaşayan mülki şəxsləri
vəhşicəsinə qətlə yetirmiş, mülki əhaliyə, dövlət əmlakına, o
cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti
subyektlərinə irimiqyaslı zərər vurublar.
Ermənistan silahlı qüvvələrinin 44 gün sürən Vətən Müharibəsinin
gedişatında bir neçə iri şəhəri, o cümlədən yarım milyondan çox
əhali yaşamaqla Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi
və mədəni abidələri olan qədim Gəncəni hədəf alması 1988-ci ildən
bugünədək davam etdirilən təcavüzkar siyasətin tərkib
hissəsidir.
Belə ki, müharibə ərazisindən kənarda yerləşən Gəncə şəhərinin 04,
05, 08, 11 və 17 oktyabr 2020-ci il tarixlərində raket və ağır
artilleriya silahları ilə bombalanması nəticəsində 10 qadın, 6
azyaşlı olmaqla 26 nəfər şəxs həlak olmuş, 57 qadın, 32 azyaşlı
olmaqla 175 nəfər yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur
obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan
dəyib.
Erməni silahlı qüvvələrinin bu hücumları təşkil edərkən əsas
məqsədləri daha çox insanın həyatına son qoymaq olduğundan, məhz
şəhərin mülki şəxslərin kompakt yaşadığı hissələri, xüsusən də gecə
saatlarında hədəfə alınıb.
Gəncə şəhərinə edilən raket hücumları ilə əlaqədar Azərbaycan
Respublikasının Baş Prokurorluğunda 3 cinayət işi başlanaraq
istintaq aparılır və təqsirli şəxslərin Azərbaycan qanunları
qarşısında cavab vermələri üçün zəruri bütün tədbirlər görülür.
Azərbaycan Respublikasının Baş Prokurorluğu beynəlxalq təşkilatları
və bütövlükdə dünya ictimaiyyətini Azərbaycanın mülki əhalisini
məqsədli şəkildə hədəf seçərək onların qətli ilə nəticələnən sülh
və insanlıq, eləcə də müharibə cinayətləri törətmiş Ermənistana və
onun hərbi-siyasi rəhbərliyinə qarşı beynəlxalq hüquqla nəzərdə
tutulmuş hüquqi məsuliyyət tədbirlərini görməyə çağırır.
İnsanlıq və sülh əleyhinə olan cinayətləri qınayır, həlak olanların
xatirəsini dərin hüznlə yad edirik!", - bəyanatda vurğulanır.