Bakı. Trend:
Mühəndis hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır.
Müdafiə Nazirliyindən Trend-ə
verilən məlumata görə, ən azı ümumi orta təhsilli, qanunla
müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş,
30 yaşınadək hərbi vəzifəlilər 2023-cü il
yanvarın 16-dan fevralın 4-dək Azərbaycan Ordusunun Təlim
və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına
müraciət edə bilərlər.
“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının
hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar
qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin
müəyyən edilməsi məqsədi ilə Müdafiə Nazirliyinin müvafiq tibb
müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyalarının qərarına
əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul
imtahanlarına buraxılır.
Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilir.
Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə üç il müddətinə
bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun mühəndis
hərbi hissələrində müvafiq vəzifələrə təyin olunur.
Namizədlər qəbul komissiyasına müraciət edərkən aşağıdakı
sənədləri təqdim etməlidir:
- kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının
sədrinə);
- şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə, çap edilmiş 2 nüsxədə);
- xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;
- təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti (1 nüsxədə);
- doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (1 nüsxədə);
- şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti (1 nüsxədə);
- nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda, 1 nüsxədə);
- uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətləri (uşaq olduqda, 1 nüsxədə);
- evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış (1 nüsxədə);
- 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3x4 sm və 2 ədəd 4,5x6 sm ölçüdə);
- qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji və son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi barədə) arayış;
- hərbi biletin bütün vərəqlərinin notarial qaydada təsdiq
olunmuş surəti (1 nüsxədə).
Sənədlərin qəbulu həyata keçiriləcək ünvan: Bakı
şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76, “Qızıl Şərq”
hərbi şəhərciyi (Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi).
Müraciət etmə vaxtı: 16 yanvar 2023-cü il tarixdən 4 fevral 2023-cü il tarixədək hər gün (bazar günləri istisna olmaqla) saat 09.00-dan 18.00-dək.
Qeyd: Müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.