Bakı. Trend:
“Tesla”, “SpaceX” və “X”in rəhbəri İlon Mask sosial media platforması ilə bağlı yeni qərar qəbul edib.
Trend-in məlumatına görə, israilin baş naziri ilə görüşü zamanı canlı yayımda İ.Mask bildirib ki, “X” bütün istifadəçilər üçün ödənişli platforma olacaq.
İ.Mask qeyd edib ki, nəhəng bot ordusunu dayandırmağın yeganə yolu platformanın ödənişli olmasıdır. Onun sözlərinə görə, bot istehsalçılarından hər bir bot üçün yeni ödəniş üsulunu qeydiyyatdan keçirmələri tələb olunacaq və bununla da onların “X”də saxta hesablar açması məhdudlaşdırılacaq.
İ.Mask “X” sistemindən istifadə üçün aylıq kiçik ödəniş alacaqlarını bildirsə də, abunənin nə qədər olacağı və mövcud Premium planından nə ilə fərqlənəcəyi ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, “X” üçün yeni abunə planının tam olaraq nə vaxt qüvvəyə minəcəyi bəlli deyil. Hazırda “X”in 550 milyon aylıq aktiv istifadəçisi var və onlar hər gün 100-200 milyon yazı paylaşırlar.