Bakı. Trend:
Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsində yüksəkixtisaslı mütəxəssislər tərəfindən Maqnit Rezonans Tomoqrafiyası, Kompüter Tomoqrafiyası, mammoqrafiya, ümumi rentgenoqrafiya, ultrasəs müayinəsi, rentgen müayinəsi və invaziv radiologiya daxil olmaqla geniş spektrli müayinə və prosedurlar həyata keçirilir.
Radiologiya şöbəsində olan imkanlar və mütəxəssislərin zəngin təcrübəsi bütün orqanlarda yaranan xəstəliklərin görüntülənməsinə və xəstəliyin erkən mərhələlərində bu xəstəlikləri aşkar etməyə imkan verir. Şöbənin yüksəkixtisaslı həkimləri qısa bir vaxtda USM, KT və MRT vasitəsilə bədənin istənilən hissəsinin keyfiyyətli görüntüsünü əldə edə bilirlər. Radiologiyada ümumi radiologiya, neyroradiologiya, döş qəfəsi radiologiyası, əzələ-dayaq sistemi radiologiyası, uşaq radiologiyası kimi radioloji sahələr mövcuddur.
Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsində Philips şirkətinə məxsus İngenia Elition X 3.0 Tesla gücündə Maqnit Rezonans Tomoqrafiyası cihazı insan orqanizminin bütün orqan və toxumalarını müayinə etməyə və xəstəliklərin dəqiq diaqnostikasının aparılmasına imkan verir. Bu cihaz vasitəsilə baş və onurğa beyin, ürək-damar sistemi, qarın boşluğu orqanları, dayaq-hərəkət sistemi orqanları, süd vəzisi və bütün növ pediatrik müayinələr aparılır.
Ürək-damar xəstəliklərinin diaqnostikasında istifadə olunan MRT cihazı ürəyin morfoloji və funksional dəyərləndirilməsinə, xəstəliklərin aşkarlanmasına imkan verir. Uşaq ürək xəstəliklərinin MR diaqnostikasını etmək üçün cihazda pediatrik MR koilləri mövcuddur. Həmçinin, bu cihaz ilə süd vəzi xəstəliklərinin müayinəsi də mümkündür. MR boşluğunun geniş olması və maqnit gücünün güclü olması ağır çəkili xəstələrin bütün müayinələrinin aparılmasına imkan verir. Eyni zamanda, kiçik yaş qrupu xəstələrinin sedasiyasız müayinəsi üçün xüsusi görüntü effektləri ilə təchiz edilib. Müayinə zamanı xəstələrdə narahatlıq yaradan gur səs yeni cihazda digərlərinə görə daha aşağı tembrdədir və müayinə vaxtı daha qısadır.