Bakı. Trend:
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun həkim mama-ginekoloqu Pərvin Adıgözəlova müsahibə Nazirliyin rəsmi saytına müsahibə verib.
Trend həmin müsahibəni təqdim edir:
– Pərvin xanım, mamalıq fəaliyyətinin əsas prinsipləri
nələrdir?
– Mamalıq – hamiləlik, doğuş və doğuşdan sonrakı dövrdə qadın
orqanizmində baş verən fizioloji və patoloji dəyişiklikləri öyrənən
tibb sahəsidir. Bu sahədə çalışan hər bir həkim mama-ginekoloqun
əsas məqsədi qadının və gələcək körpənin sağlamlığının qorunması,
ehtiyac yarandıqda isə lazımi tibbi xidmətin göstərilməsidir.
Bu məqsədə çatmaq üçün hamiləlik dövründə düzgün antenatal qulluq
vacibdir. Qadınlar dispanser qeydiyyatına alınmalı, risk qrupuna
daxil olan hamilələr müəyyənləşdirilib onlara xüsusi nəzarət
olunmalıdır. Həmçinin yanaşı xəstəlikləri olan qadınlara profil
üzrə ixtisaslaşmış tibbi yardım göstərilməli, bu qadınların doğuşu
ümumi profilli xəstəxanalarda təşkil edilməlidir.
Eyni zamanda, təcili və təxirəsalınmaz hallarda tibbi yardımın
təşkili, doğuşdan sonrakı dövrdə isə patronaj xidmətlərinin həyata
keçirilməsi də mamalıq fəaliyyətinin mühüm hissəsidir.
– Ana və uşağın sağlamlığı üçün maksimum təhlükəsizlik necə
təmin olunur?
– Sağlamlıq üçün təhlükəsizliyin təmin olunması ilk növbədə qadının
mütəmadi və vaxtında tibbi müayinələrə gəlməsi ilə bağlıdır. Həkim
tərəfindən təyin edilən dərmanlar düzgün doza və vaxtda qəbul
edilməlidir.
Hamiləlik dövründə ultrasəs müayinəsi və karditokoqrafiya kimi
təhlükəsiz və qeyri-invaziv metodlarla dölün vəziyyəti izlənilir.
Ehtiyac olduqda bu müayinələrin sıxlığı artırıla bilər. Bundan
başqa, laborator müayinələr vasitəsilə də patoloji vəziyyətlər
vaxtında aşkarlana bilər. Əsas məsələ hamiləliyin diqqətlə,
fasiləsiz və nəzarət altında izlənilməsidir.
– Doğuşda cərrahi üsul hansı hallarda tətbiq edilir?
– Cərrahi doğuş yalnız göstəriş olduqda, təbii doğuş ananın və ya
dölün sağlamlığı üçün təhlükəli sayıldıqda tətbiq olunur. Elə
hallar da var ki, müəyyən diaqnozlara əsasən doğuş başlamamışdan
əvvəl planlı şəkildə qeysəriyyə əməliyyatına ehtiyac yaranır.
– Ana südü ilə qidalandırma nə vaxt başlamalıdır?
– Ana südü ilə qidalandırma həm körpənin, həm də ananın sağlamlığı
üçün çox vacibdir. Doğuşun növündən asılı olmayaraq, adətən
doğuşdan dərhal sonra körpə döşə qoyulur. İlk süd – "molozivo" –
bəzi qadınlarda doğuşdan dərhal sonra ifraz oluna bilər. Bu proses
südvermə texnikası və düzgün qidalandırma üsulları barədə anaya
məlumat verilməsi ilə müşayiət olunur.
– Doğuş zamanı qida və maye qəbulu ilə bağlı nələrə diqqət
edilməlidir?
– Doğuş zamanı qadının gücünü itirməməsi üçün yüngül və az
porsiyalarla qidalanmağa icazə verilir. Meyvə, kompot, az miqdarda
şirniyyat, çay və ya xəstəxanada verilən xüsusi yeməklərlə
qidalanmaq olar.
Hamiləlik boyu isə balanslı və zülallarla zəngin, vitamin və
minerallar baxımından dolğun, tərəvəz əsaslı qidalanma tövsiyə
olunur. Bu, körpənin sağlam inkişafına, doğuşun isə daha rahat və
təhlükəsiz keçməsinə şərait yaradır.
– Hamiləliyin sağlam bitməsi üçün vacib olan amillər
hansılardır?
– Ən önəmli məsələ hamiləliyin sağlam şəkildə başlanmasıdır.
Hamiləliyi planlayan qadın mütləq şəkildə əvvəlcədən tibbi
müayinələrdən keçməli, hər hansı xəstəlik və ya defisit (məsələn,
dəmir, D vitamini) aşkarlanarsa, onları aradan qaldırmalıdır.
Diş müalicəsi, orqanizmin ümumi sağlamlığı, idman fəaliyyəti (əgər
əvvəldən aktiv olubsa) və təmiz havada gəzintilər hamiləliyin
sağlam keçməsinə yardım edir. Qidalanma isə xüsusi önəm daşıyır:
gündə 5 dəfə az-az yemək, zülal, vitamin və mineral baxımından
zəngin menyu, sağlam yuxu rejimi əsas tövsiyələrdəndir.
Sonda qeyd etmək istəyirəm ki, hamiləliyin sağlam və təhlükəsiz
keçməsi üçün həkim tövsiyələrinə əməl etmək, müayinələri vaxtında
keçmək və həyat tərzində düzgün yanaşmalar göstərmək vacibdir.