Bakı. Trend:
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan şəhərində uşaqlar üçün rəngarəng festival keçiriləcək.
Trend xəbər
verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətli nümayəndəliyinin təşəbbüsü, Naxçıvan
Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, eləcə də Naxçıvan
Muxtar Respublikası Təhsil, Mədəniyyət, Gənclər və İdman
nazirliklərinin birgə təşkilatçılığı ilə 1 iyun – Uşaqların
Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqların rəngli dünyası”
festivalı 2025 təşkil ediləcək.
Festival iyun ayının 1-də Naxçıvan şəhərində yerləşən “Əcəmi
Seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksində baş tutacaq.
Tədbirin açılış mərasimi saat 10:00-da keçiriləcək və gün ərzində –
saat 19:00-dək davam edəcək.
Bayram ovqatında təşkil olunacaq “Uşaqların rəngli dünyası”
festivalı 2025 çərçivəsində ərazi Naxçıvan Şəhər İcra Hakimiyyəti
tərəfindən xüsusi dekorlarla bəzədiləcək və dörd əsas zona üzrə
qurulacaq.
"Təhsil zonası”nda uşaqlar üçün müxtəlif yaradıcı və
maarifləndirici dərnəklər fəaliyyət göstərəcək. Burada xalçatoxuma,
STEAM, frontal zəka oyunları, dulusçuluq, döymə, oyma, rəsm, muncuq
işi və digər sahələr üzrə stendlər nümayiş olunacaq.
“İdman zonası”nda isə stolüstü tennis, şahmat, voleybol, “Şən
startlar” və müxtəlif əyləncəli uşaq oyunları təşkil ediləcək.
“Əyləncə zonası” festivalın ən rəngarəng hissələrindən biri olacaq.
Burada xüsusi dekorlar və foto zonalarla bəzədilmiş sahələr
yaradılacaq, uşaqlar üçün səhnə qurulacaq, nağıl personajlarının
çıxışları təqdim olunacaq. Bu zonada Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi tərəfindən teatr tamaşaları və konsert
proqramları nümayiş olunacaq.
“İaşə və istirahət zonası” isə həm dincəlmək, həm də ailəvi
istirahət üçün nəzərdə tutulub. Bu ərazidə isti və sərin içkilər,
müxtəlif yemək xidmətləri göstəriləcək, piknik üçün xüsusi yerlər
ayrılacaq. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən fiziki imkanları
məhdud şəxslərin və qadın sahibkarların əl işlərinin sərgi-satışı
təşkil olunacaq.
“Uşaqların rəngli dünyası” festivalı 2025 çərçivəsində hər bir
zonada özünəməxsus proqramlar təqdim olunacaq. Təşkilatçılar
tərəfindən könüllülərin iştirakı da nəzərdə tutulub və ümumilikdə,
40 könüllü festivalın müxtəlif hissələrində fəaliyyət
göstərəcək.
Naxçıvanda keçiriləcək “Uşaqların rəngli dünyası” festivalı 2025
uşaqlara sürprizlərlə və mükafatlarla dolu bir gün yaşatmağı,
onların yaradıcılıq və bacarıqlarını nümayiş etdirmələri üçün
əlverişli mühit yaratmağı hədəfləyir. Genişmiqyaslı bu tədbir
uşaqların sevinci və xoşbəxtliyi naminə əsl bayrama çevriləcək.
