Xankəndi. Trend:
Xankəndi şəhərində sahibkarlar tərəfindən çoxmənzilli yaşayış binalarının tikintisinə start verilib. Şəhərdə və ətraf yaşayış məntəqələrində genişmiqyaslı tikinti və bərpa işləri sürətlə davam etdirilir. Regionda sahibkarlar üçün əlverişli investisiya mühiti yaradılıb, infrastruktur layihələri iş adamlarının bu ərazilərə marağını daha da artırıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən xəbərə görə, bu fikirlər Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubova məxsusudur.
Onun sözlərinə görə, şəhərdə sahibkarlar tərəfindən hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi başa çatdıqdan sonra mənzillər satışa çıxarılacaq.
Elçin Yusubov bildirib ki, artıq Xankəndidən mənzil almaq istəyən vətəndaşlardan xeyli müraciət daxil olub.
Prezidentin xüsusi nümayəndəsinin sözlərinə görə, mənzillərin satışı həm nağd şəkildə, həm də kreditlə mümkün olacaq. Sahibkarların banklarla imzaladığı müqavilələr əsasında vətəndaşlara kreditlə mənzil almaq imkanı yaradılacaq. Bu prosesin şəffaf və rahat həyata keçirilməsi üçün sahibkarlara zəruri dövlət dəstəyi göstəriləcək.
Qeyd edilib ki, Xankəndidə aparılan tikinti və bərpa işləri şəhərin müasir yaşayış məkanına çevrilməsini hədəfləyir.
