...

Dünya şöhrətli zəlzələ mühəndisi Mustafa Erdik AzMİU-nun Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzini ziyarət edib (FOTO)

Gündəm Materials 29 Yanvar 2026 17:26 (UTC +04:00)
Dünya şöhrətli zəlzələ mühəndisi Mustafa Erdik AzMİU-nun Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzini ziyarət edib (FOTO)

Bakı. Trend:

Dünya şöhrətli zəlzələ mühəndisi, Boğaziçi Universitetinin professoru, uzun illər Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun direktoru olmuş, Türkiyə Cümhurbaşkanlığı nəzdində Yerli İdarəetmə və Fəlakətlər üzrə Siyasət Şurasının üzvü, zəlzələ risklərinin qiymətləndirilməsi, struktur dinamikası və erkən xəbərdarlıq sistemləri üzrə beynəlxalq ekspert, həmçinin Türkiyənin zəlzələyə davamlı tikinti normalarının hazırlanmasında aparıcı rol oynamış Prof. Dr. Mustafa Erdik Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzini ziyarət edib.

Ziyarət çərçivəsində qonağı AzMİu-nun prorektoru, professor Akif Qasımov qəbul edib. Görüş zamanı AzMİU-nun beynəlxalq əməkdaşlıq istiqamətləri, həyata keçirilən layihələr, elmi-tədris fəaliyyəti və universitetin inkişaf perspektivləri barədə ətraflı məlumat verilib.

Ziyarət zamanı inşaat və zəlzələ mühəndisliyi sahəsində tanınmış beynəlxalq ekspert, AzMİU-nun Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzinin direktoru, eyni zamanda universitetin rektor müşaviri, zəlzələ mühəndisliyi sahəsində elmi əsaslı innovativ metodların müəllifi kimi tanınan professor Azər Qasımzadə tərəfindən Mərkəzin fəaliyyəti ilə bağlı geniş təqdimat edilib. Təqdimatda Mərkəzin elmi-tədqiqat istiqamətləri, tətbiqi mühəndislik layihələri və strateji inkişaf hədəfləri diqqətə çatdırılıb.

Xüsusilə Mərkəzə tərəfindən yüksək mərtəbəli real bina üzərində aparılan seysmik monitorinq və müşahidə prosesləri, bu proseslər nəticəsində əldə olunan məlumatların mühəndislik baxımından təhlili və praktik əhəmiyyəti professor Mustafa Erdik tərəfindən yüksək qiymətləndirilib.

Görüş zamanı Mərkəzin gələcəkdə beynəlxalq elmi layihələrə ev sahibliyi etməsi, aparıcı xarici elmi-tədqiqat mərkəzləri ilə əməkdaşlığın genişləndirilməsi, eləcə də zəlzələ təhlükəsizliyi sahəsində birgə tədqiqat və təcrübə mübadiləsinin aparılması istiqamətində müvafiq qərarlar qəbul edilib.

Ziyarət AzMİU-nun zəlzələ mühəndisliyi sahəsində beynəlxalq elmi platformada mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti