Bakı. Trend:
Əgər hamiləliyin ilk dönəmidirsə, yəni 12-13 həftəyədək (3 aylıq) hamilə qadında ürəkbunlanma, iştahsızlıq, bəzən qusma, baş fırlanması, ümumi zəiflik olursa, bu normal sayılır və yüngül toksikoz kimi qiymətləndirilir. Amma bayılma olarsa, (huşun itməsi), günərzində 5-8 dəfə və daha çox qusma olarsa və qadın adi suyu belə içə birmirsə, o zaman bu hamiləlik toksikozunun ağır formasıdır.
Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Nigar Axundova açıqlayıb.
Onun sözlərinə görə bu zaman hamilə qadın mütləq stasionarda müalicə almalı, çünki bu ağır maddələr mübadiləsi pozulmalarına gətirə bilər:
“Əgər hamilə qadın çox çəki alarsa (ayda 3 kilodan artıq), şirniyyata meyillidirsə, yemək çox yeyir, suyu çox içərsə, bu bəzi hallarda “hestasion diabet” (hamiləlik diabeti) kimi, ağırlaşmaya gətirə bilər. Hamiləliyin 3-cü dönəmində arterial təzyiqin artması, baş ağrısı, halsızlıq, bədəndə şişkinlik, sidiyin miqdarının azalması, mədə nahiyəsində ağrı və yanma hissi, dəridə qaşınma və s. kimi şikayyəti varsa bu hamiləliyin gec toksikozu - preeklampsiyanın əlamətləri ola bilər. Belə olan halda stasionar və ya ambulator müalicə üçün təcili müraciət edilməlidir. Həmçinin, bu kimi hallar vaxtından əvvəl doğuşa səbəb ola bilər. Hamiləlik dönəmində ayaqlarda və əllərdə şişkinlik və keyimə də ola bilər. Belə hallar artıqca qan laxtalanması həkim tərəfindən yoxlanılmalıdır. Məsləhətim budur ki, hər bir narahatlıqda həkim tövsiyəsi vacibdir, nəinki qohum-qonşunun məsləhəti”.
Mütəxəssis-ekspert qeyd edib ki, hamiləliyin hansısa müddəti olanda ümumi halsızlıq, üşütmə, iştahsızlıq, yuxululuq, dölün çox hərəkət etməsi varsa, bu anemiya (qan azlığı) əlamətləri ola bilər. Belə hallarda qadının və dölün səhhətində patoloji hallar inkişaf edə bilər. Bundan əziyyət çəkən hamilələr vaxtından əvvəl doğuş, azçəkili uşaq, ciftin ayırılması və qanaxma kimi fəsadlara məruz qala bilər. Ona görə də hamilə qadın hər ay qanın ümumu analizini verməli, qan azlığı olan hallarda isə qanda dəmir və ferritin də yoxlanılmalıdır (həkim göstərişləri ilə), əlavə olaraq hematoloqun tövsiyələri vacib ola bilər”.
N.Axundova sonda bildirib ki, bir başqa patoloji hal - qalxanvari vəzin patologiyaları və hamiləlikdir:
“Biz, həkimlər TSH hormonun hamiləliyin I-ci dönəmində yoxlamağı tövsiyə edirik. Əgər qadında bir patoloji durum yoxdursa, endokrinoloq tərəfindən korreksiyaya da ehtiyac olmur. Lakin bəzi hallarda qadınlar bu patoloji haldan xəbərsiz olur və autoimmun tireoidit (Xaşimoto xəstəliyi), hipotireoz (tireoid hormon çatmazlığı) və hipertireoz (tireoid hormonunun artması) kimi hallarda endokrinoloq tərəfindən korreksiya olunmalıdır”.
