Bakı. Trend:
Son günlər bölgədə baş verən hadisələrlə əlaqədar olaraq, xüsusilə sosial şəbəkələrdə Türkiyə–Azərbaycan münasibətlərinə və Azərbaycana qarşı həddi aşan tənqid, dezinformasiya və təxribat xarakterli paylaşımların yayıldığı müşahidə olunur.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyasi İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzindən bildirilib.
Bildirilir ki, sarsılmaz tarixi bağlar və ortaq dəyərlərlə bir-birinə sıx bağlı olan Türkiyə və Azərbaycan təkcə bu gün deyil, keçmişdə də bir çox sınaqlardan uğurla çıxıb.
Qeyd olunub ki, Türkiyə Prezidenti Recep Tayyip Erdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən liderlər səviyyəsində irəli aparılan ikitərəfli münasibətlər bütün səviyyələrdə “Bir millət, iki dövlət” şüarı əsasında inkişaf etdirilir.
"İctimaiyyətdən bu qardaşlığa zərər verə biləcək həddi aşan bəyanatlar, dezinformasiya və qara təbliğat fəaliyyətlərinə qarşı daha həssas yanaşmaları, həmçinin mühüm məsələlərlə bağlı Türkiyə və Azərbaycan rəsmilərinin açıqlamalarını nəzərə almaları xahiş olunur", - deyə bildirilib.
