RED. əlav.: Fövqəladə Hallar Nazirliyinin məlumatı əlavə olunub.
Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda "Radioquraşdırma" zavodunda partlayış baş verib.
Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsindən Trend-ə verilən məlumata görə, bu gün səhər saatlarında zavodda baş verən partlayış nəticəsində bir nəfər ölüb. Bölmədən ölənin şəxsiyyətinin hələlik məlum olmadığını bildiriblər.
Partlayış nəticəsində xəsarət alanlarla bağlı məlumat olmadığı bildirilib.
Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırmaya başlayıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, ümumi sahəsi 1050 kvadratmetr olan sexdə avadanlıqlar 20 kvadratmetr sahədə yanıb. Sexin qalan hissəsi və avadanlıqlar hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.
Yanğın saat 08:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yanğın yerinin kəşfiyyatı zamanı sexdə işləyən 1958-ci il təvəllüdlü Cəfərova İmarət Qədir qızının cəsədi aşkarlanıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.