Azərbaycan, Bakı, 29 fevral /Trend, müxbir X.Murtuzayeva/
"Əl-Qaidə" terror təşkilatının sabiq lideri Üsamə bin Ladenin varisi Saif əl-Adil Qahirə aeroportunda tutulub. Trend-in məlumatına görə, bu barədə yerli KİV Misirin xüsusi xidmət orqanlarına istinadən xəbər verir.
Bin Ladenin ölümündən sonra "əl-Qaidə"yə rəhbərlik edən əl-Adil Pakistandan Misirə "Emirates Airlines" şirkətinin reysi ilə uçub. O, öz sənədlərini gömrükdə təqdim etdikdən sonra həbs olunub. Bundan sonra əl-Adil xüsusi xidmət orqanlarına təhvil verilib.
Əslən misirli olan əl-Adil terror təşkilatına ötən ilin mayından sonra müvəqqəti rəhbərlik edir. O, FTB-nin ən çox axtarılan terrorçular siyahısına daxildir və "əl-Qaidə"nin ən aparıcı komandirlərindən biri hesab edilir. Xatırladaq ki, əl-Adil Misir ordusunun keçmiş zabiti olub. Onu tutan şəxsi 5 milyon dollar məbləğində mükafat gözləyirdi.