...

Azərbaycan gömrükçüləri 60 kiloqrama yaxın narkotik vasitəni dövriyyədən çıxarıblar (FOTO)

Hadisə Materials 29 Noyabr 2012 12:58 (UTC +04:00)
Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Мübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinin keçirdiyi tədbirlər nəticəsində 60 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılmışdır.
Azərbaycan gömrükçüləri 60 kiloqrama yaxın narkotik vasitəni dövriyyədən çıxarıblar (FOTO)

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Мübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinin keçirdiyi tədbirlər nəticəsində 60 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılmışdır.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ilk əməliyyat tədbiri Bakı şəhəri ərazisində həyata keçirilmişdir. Əməliyyat İdarəsinə Biləsuvar Gömrük İdarəsinin yerli şöbəsindən İran İslam Respublikasından Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilmiş narkotik vasitələrin yaxın zaman ərzində bir qrup şəxs tərəfindən realizə olunması barədə əməliyyat məlumatı daxil olmuşdur.

Yaradılmış əməliyyat qrupu tərəfindən keçirilən tədbir zamanı "şərti alıcı" qismində çıxış edən gömrük əməkdaşı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Dairəvi küçəsində yerləşən "daş bazarı dairəsi" adlanan ərazidə narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşı Məmmədov Rüfət Mikayıl oğlu ilə görüşmüşdür. Görüş zamanı Rüfət Məmmədovun göstərişinə əsasən onunla əlbir olub cinayət əlaqəsinə girən Qasımov Yaşar Qiyas oğlu və Vəkilov Tofiq Murad oğlu sonuncunun idarə etdiyi "Az Samand" markalı 90 HE 246 dövlət nömrə nişanlı minik avtomobilinin salonunda özləri ilə həmin əraziyə gətirdikləri, üzərində "TSV NEWLINE" sözləri yazılmış göy rəngli idman çantasının içərisində olan narkotik vasitə-həşişə oxşar maddəni "şərti alıcı" qismində çıxış edən gömrük əməkdaşına satmaq istəyərkən əməliyyat qrupu tərəfindən hər üç şəxs saxlanılmış, müvafiq araşdırılma aparılması məqsədi ilə Dövlət Gömrük Komitəsinə dəvət olunmuşlar.

Dövlət Gömrük Komitəsinin inzibati binasında Məmmədov Rüfət Mikayıl oğlu, Qasımov Yaşar Qiyas oğlu və Vəkilov Tofiq Murad oğluna məxsus çantanın daxilinə keçirilmiş baxış zamanı dördkünc formalı 46 ədəd polietilen bağlamalarda narkotik vasitə olan həşişə oxşar maddə aşkar olunmuşdur.

Saxlanılmış şəxslər törətdikləri qanunsuz əməlləri etiraf edərək onlardan aşkar olunmuş külli miqdarda narkotik vasitə olan həşişi İran İslam Respublikasının Ərdəbil şəhərində yaşayan Əkbər və Babək adlı şəxslərin qacaq yolla Azərbaycana göndərdiklərini və həmin narkotik vasitələri adını bilmədikləri bir nəfər iranlıdan Beyləqan rayonu Əhmədli kəndinin girəcəyində əldə etdiklərini bildirmişlər.

İş üzrə təyin olunmuş ekspertizanın nəticəsi olaraq Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq arayışına əsasən məlum olmuşdur ki, tədqiqata təqdim edilmiş 46 ədəd polietilen bağlamalara qablaşdırılmış maddə ümumi xalis çəkisi 46 kq 55 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qətranıdır.

Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Мübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinin keçirdiyi daha bir əməliyyat nəticəsində Lənkəran şəhəri, "Ləvəngi dairəsi" adlanan ərazidən Digah kəndi istiqamətində yolun təqribən 1 kilometrliyində narkotik vasitələrin satışı ilə məşğul olan Lənkəran şəhər sakinin Əzizov Amil Nəriman oğlu saxlanılmışdır. Belə ki, Amil Əzizov "şərti alıcı"qismində çıxış edən gömrük əməkdaşına onda İran İslam Respublikasından qaçaq yolla gətirilmiş 12 kq narkotik vasitə olan həşiş olduğunu deyərək, 1 kiloqramını 2200 manata satmaq istədiyini bildirmişdir. "Sövdələşmə" baş tutduqdan sonra Əzizov Amil Nəriman oğlu 1 ədəd üzərində "Frends Sport" sözləri yazılmış göy rəngli idman çantasını əməliyyat işçisinə təqdim edərkən yaxalanmışdır.

Əzizov Amil Nəriman oğlu müvafiq araşdırılma aparılması məqsədi ilə Dövlət Gömrük Komitəsinin inzibati binasına gətirilmiş və hal şahidlərinin iştirakı ilə keçirilmiş baxış zamanı idman çantasının içərisindən qara rəngli polietilenə bükülmüş, 12 ədəd polietilen bağlamalarda narkotik vasitə-həşişə oxşar maddə aşkar olunaraq protokol əsasında götürülmüşdür.

Fakt üzrə saxlanılmış şəxs-Əzizov Amil Nəriman oğlu törətdiyi qanunsuz əməlləri etiraf etmişdir.

İş üzrə təyin olunmuş ekspertizanın nəticəsi olaraq Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq arayışına əsasən məlum olmuşdir ki, tədqiqata təqdim edilmiş 12 ədəd polietilen bağlamalara qablaşdırılmış ümumi xalis çəkisi 12 kiloqram 200 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qətranıdır.

Hər iki faktla bağlı təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti