Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İ.İzzət/
Bakıda 3 saylı İstintaq təcridxanasında saxlanılan məhkuma gətirilən sovqatın içindən tiryək və marixuana aşkar edilərək götürülüb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, 3 saylı İstintaq təcridxanasında saxlanılan məhkum Valeh Vaqif oğlu Bayramova vətəndaş Rahil İdris oğlu Tairovun gətirdiyi sovqatın içərisinə baxış keçirilib. Baxış zamanı bişmiş şirniyyatın içərisində gizlədilmiş 3 bükümdə xalis çəkisi 7,141 qr olan narkotik vasitə - tiryək və 1 bükümdə xalis çəkisi 0,32 qr olan narkotik vasitə - marixuana aşkar olunaraq götürülüb.
Qeyd edək ki, V.Bayramov Cinayət Məcəlləsinin 120.2.4 (Qəsdən adam öldürmə; xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) və 120.2.7-ci (Qəsdən adam öldürmə; iki və ya daha çox şəxsi öldürmə) maddələrinə əsasən ömürlük azadlıqdan məhrum edilib.
Fakt üzrə araşdırma aparılır.