...

Hirkan Milli Parkı ərazisində baş vermiş yanğın tam lokallaşdırılıb (YENİLƏNİB 2)

Hadisə Materials 7 Avqust 2017 19:11 (UTC +04:00)
Avqust 7-də saat 13 radələrində Hirkan Milli Parkının yüksək dağlıq ərazisində yanğın hadisəsi baş verib.
Hirkan Milli Parkı ərazisində baş vermiş yanğın tam lokallaşdırılıb (YENİLƏNİB 2)

İlk xəbər saat 14:40-da yayımlanıb

Bakı. Elçin MehdiyevTrend:

Hirkan Milli Parkının yüksək dağlıq ərazisində başlamış yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının ciddi səyləri nəticəsində tam lokallaşdırılıb, yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hazırda közərən sahələrin söndürülməsi üçün mümkün olan bütün vasitələrdən, əsasən əl əməyindən istifadə edilir.

Qeyd edək ki, yanğın yüksək dağlıq ərazidə baş verdiyi üçün onun söndürülməsində çətinliklər yaranıb. Naməlum səbəblərdən baş vermiş yanğın təxminən 1 hektara yaxın ərazini əhatə edib, nazirliyin əməkdaşlarının səyləri nəticəsində ağaclara ciddi ziyan dəyməyib, quru ot və kol örtüyü yanıb.

Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN əhalini təbiət qoynunda olarkən bir daha odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

X X X

Son məlumata görə, Hirkan Milli Parkında baş vermiş yanğın lokallaşdırılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğının tamamilə söndürülməsi istiqamətində işlər davam etdirilir. Yanğın baş vermiş ərazi yüksək dağlıq olduğu üçün yanğının söndürülməsində texnikadan istifadə edilməsinin mümkünsüz olduğu, daha çox əl əməyindən istifadə edildiyi bildirilib.

X X X

Avqust 7-də saat 13 radələrində Hirkan Milli Parkının yüksək dağlıq ərazisində yanğın hadisəsi baş verib. Yanğının söndürülməsi üçün əraziyə Ekologiya və Təbii Sərvətlər (ETSN) və Fövqəladə Hallar Nazirliklərinin (FHN) yerli qurumlarının əməkdaşları cəlb olunub.

ETSN-dən Trend-ə verilən məlumata görə, yüksək dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün mümkün olan bütün vasitələrdən, əsasən əl əməyindən istifadə edilir. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

ETSN havaların çox isti keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, biçin zamanı yanğın təhlükəsizliyi normalarına riayət etməyə, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə və xalqımızın milli sərvəti olan meşələrimizi qorumağa çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti