Bakı. Ceyhun Ələkbərov - Trend:
Ötən gün Novxanıda ağır qəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.
Trend-in məlumatına görə, 2 nəfərin ölümü ilə nəticələnən qəzada 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar iki müxtəlif şəhər xəsətəxanalarına çatdırılıblar.
Minik avtomobilinin sürücüsü 1999-cu il təvəllüdlü Məmmədova Nahidə Faiq qızı, bacısı 1995-ci il təvəllüdlü Məmmədova Fəridə Faiq qızı, 1976-ci il təvəllüdlü Məmmədova Gülgün, 2018-ci il təvəllüdlü Məmmədov Ramal Rəşad oğlu 3 saylı Şəhər klinik Mərkəzə yerləşdiriliblər.
Məmmədov Samir İnqlab oğlu və Süleymanov Pərviz Mehman oğlu isə 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıblar. Hər iki şəxsə bud sümüyünün sınığı diaqnozu qoyulub, onlar reanimasiya şöbəsində müalicə alırlar.
Xatırladaq ki, sentyabrın 14-də Binəqədi-Novxanı şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 14-də saat 23 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Şəmsi Talıbovun idarə etdiyi “Mercedes” və qarşıdan gələn N.Məmmədovanın idarə etdiyi “Chevrolet” markalı avtomobillər toqquşub, sonuncu avtomobil Tərtər rayon sakini R.Həsənovun idarə etdiyi “Mercedes Atego” markalı yük avtomobilinə çırpılıb. Nəticədə Ş.Talıbov hadisə yerində, sərnişini olan Bərdə rayon sakini Vüsal Əmirov xəstəxanaya aparılarkən yolda ölüb, N.Məmmədova və 4 sərnişini isə xəstəxanaya yerləşdiriliblər.
Abşeron RPİ tərəfindən araşdırma aparılır.