...

Baş Prokurorluq və DİN gənc qızın intihara cəhdi ilə bağlı məlumat yaydı

Hadisə Materials 10 Mart 2020 15:54 (UTC +04:00)
Ələkbərzadə Aysel Elşən qızı kirayədə yaşadığı paytaxtın Yasamal rayonu ərazisindəki yüksək mərtəbəli binanın ikinci mərtəbəsində yerləşən mənzilin pəncərəsindən intihar məqsədi ilə özünü atmışdır.
Baş Prokurorluq və DİN gənc qızın intihara cəhdi ilə bağlı məlumat yaydı

Bakı. Trend:

Martın 10-da saat 05:42-də 24 yaşlı işsiz Ələkbərzadə Aysel Elşən qızı kirayədə yaşadığı paytaxtın Yasamal rayonu ərazisindəki yüksək mərtəbəli binanın ikinci mərtəbəsində yerləşən mənzilin pəncərəsindən intihar məqsədi ilə özünü atmışdır.

Trend xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətlərinin birgə məlumatında deyilir.

A.Ələkbərzadə kəllə-beyin və bir ayağının sınığı xəsarəti ilə Kliniki Tibbi Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilmiş və hazırda vəziyyəti orta-ağırdır, müalicəsi üçün zəruri tədbirlər görülür.

Yasamal rayon prokurorluğunun və Polis İdarəsinin əməkdaşları tərəfindən A.Ələkbərzadənin yaşadığı evə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilmiş, oradan iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülmüş və müvafiq prosessual hərəkətlər yerinə yetirilmişdir.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılmışdır.

A.Ələkbərova hadisədən əvvəl özünə məxsus “facebook” səhifəsində yaxın münasibətlərdə olduğu rəfiqəsi, onun həyat yoldaşı və digər tanışının adlarını çəkməklə onu özünü öldürmə həddinə çatdırmaları barədə martın 10-da saat 04:13-də məlumat paylaşmışdır.

İlkin istintaqla müəyyən edilmişdir ki, A.Ələkbərzadə martın 8-də Bakı şəhərində bir qrup feministlər tərəfindən təşkil olunan icazəsiz aksiyada fəal iştirak etmiş və aksiyada əlində tutduğu şüarda əks olunmuş firkirlərə görə bəzi sosial şəbəkə istifadəçilərinin ciddi ictimai qınağına məruz qalmışdır.

Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılmaqla bir qrup feminist tərəfindən təşkil olunmaqla icazəsiz aksiyada iştirak etmiş A.Ələkbərzadəni intihar etməyə vadar edən təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək əməllərinə hüquqi qiymət verilməsi üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti