Bakı. Samir Əli - Trend:
Bakının Binəqədi rayon Bələdiyyəsinin sabiq sədri Aytac Əliyevanın həbsinin təfərrüatları məlum olub.
Trend-in əldə etdiyi məlumata görə, Aytac Əliyeva 2020-2021-ci illərdə bacısı İlknur Turkutla əlbir olaraq külli miqdarda dələduzluq edib.
Belə ki, A.Əliyeva bacısı ilə birlikdə qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olmaq adı ilə vətəndaşları aldadaraq bir vətəndaşın 200 min manatını, digər vətəndaşın isə 189 min manatını dələduzluq yolu ilə mənimsəyib.
Bununla yanaşı, Aytac Əliyeva vətəndaşı aldadaraq ona Binəqədi bələdiyyəsi adından torpaq ayrılmasına dair saxta sənəd hazırlayaraq satıb.
Faktla bağlı daxil olan məlumat əsasında Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat şöbəsində cinayət işi başlanıb, Aytac Əliyevaya Cinayət Məcəlləsinin 178.3.2-ci və 320.1-ci, bacısı barədə isə Cinayət Məcəlləsinin 178.3.2-ci maddələri ilə ittiham irəli sürülərək barələrində həbs qətimkan tədbirləri seçilib.
Hazırda cinayət işi üzrə istintasq davam etdirilir, onların vətəndaşların külli miqdarda vəsaitlərini ələ keçirmələri ilə bağlı şikayətlər daxil olmaqdadır.
Faktı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Trend-ə təsdiqləyib.