Bakı. Trend:
Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə monitorinq keçirən zaman saxta dövlət qeydiyyat nömrə nişanı ilə idarə edilən “Chevrolet” markalı avtomobilin sürücüsü polis əməkdaşının qanuni tələbinə tabe olmayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hadisə
yerindən yayınan Sahib Hüseynov saxlanılıb, barəsində protokol
tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o 15
sutka müddətinə inzibati qaydada həbs edilib.
Bundan başqa monitorinq zamanı “VAZ” markalı avtomobili dövlət
qeydiyyat nişanı olmadan və konstruksiya dəyişikliyi edərək şəhər
ərazisində avtoxuliqanlıq edən Səlim Əmirov da saxlanılıb və
məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.
Davam etdirilən tədbirlər nəticəsində daha bir “VAZ” markalı avtomobilin sürücüsünün qanunla qadağan edilməsinə baxmayaraq çoxavazlı səs siqnalından istifadə etməsi məlum olub. Məhkəmənin qərarı ilə səs siqnalı müsadirə edilib, sürücü isə 500 manat miqdarında cərimə edilib.