Bərdə. Trend:
Bərdədə qaz borusuna çırpılaraq yanan avtomobildə xəsarət alanların kimliyi məlum olub.
Trend xəbər verir ki, hadisə zamanı 27. 09. 2000 - ci il təvəllüdlü Bakı şəhər Suraxanı rayon sakini Ağayev Murad Bəkir oğlu, 13.12. 2001-ci il təvəllüdlü Bakı şəhər Nizami rayon sakini Paşayev Əli Zaur oğlu, 27.10. 2002-ci il təvəllüdlü Bərdə rayon Böyükgöyüşlü kənd sakini Kazımov Qəhrəman Hikmət oğlu müxtəlif dərəcəli yanıq xəsarəti ilə saat 01:20 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının 2 - ci Təcili tibbi yardım şöbəsinə gətirilib.
İlkin müayinə zamanı Kazımov Qəhrəman Hikmət oğluna üzün, hər iki əlin, sağ dizin birinci və ikinci dərəcəli termiki yanığı, Paşayev Əli Zaur oğluna üzün, sağ baldırın, sol dizin birinci və ikinci dərəcəli, hər iki əlin ikinci və 3a dərəcəli termiki yanıqları, Ağayev Murad Bəki oğluna isə sağ əlin və üzün birinci və ikinci dərəcəli termiki yanığı diaqnozu qoyulub.
Qeyd edək ki, xəsarət alan hər 3 şəxsə ilkin tibbi yardım göstərildikdən sonra nəzarətdə saxlanılıb, zəruri müayinələrdən keçirildikdən sonra ambulator müalicəyə (evə buraxılıb) göndərilib.
XXX
14:33
Bərdə rayonunun Mollaisalar kəndində “Hyundai” markalı minik avtomobilinin yol kənarındakı qaz borusuna çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Bu barədə Trend-ə FHN-dən məlumat verilib.
Bildirilib ki, yanğın nəticəsində avtomobilin yanar hissələri və qaz borusundan sızan qaz yanıb.
Yanğın zamanı 3 nəfər yanıq xəsarəti alıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
XXX
14:21
Bərdədə avtomobilin qaz xəttinə çırpılması yanğına səbəb olub.
Trend-in yerli müxbiri xəbər verir ki, hadisə rayonun Mollaisalar kəndində baş verib.
Yanvarın 13-də gecə saatlarında “Hyundai Accent” markalı minik avtomobili hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı qaz xəttinə çırpılıb.
Qəzadan sonra qaz xəttində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.
Qəza nəticəsində 108 mm-lik qaz xəttinə, Şkaf Tipli Qaz Tənzimləyici Məntəqəyə ziyan dəyib və Mollaisalar, Kolayır, Mollaməmmədli, Gülgəzli, Sərkarlar kəndlərinə təbii qazın verilməsi dayanıb. Hazırda qaz təchizatının bərpası üçün işlər davam edir.