Bakı. Trend:
Türkiyənin Bolu əyalətində yerləşən Kartalkaya xizəkçilik mərkəzindəki mehmanxanada baş verən yanğında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
“Ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur”, - o bildirib.
Qeyd edək ki, baş vermiş dəhşətli yanğında ölənlərin sayı 66 nəfərə çatıb, 51 nəfərin yaralandığı bildirilir.
Xatırladaq ki, yanğın ötən gecə yerli vaxtla 03:30 radələrində 11 mərtəbəli binanın dördüncü mərtəbəsində başlayıb. Hadisə yerinə 30 yanğınsöndürən maşın və 28 təcili tibbi yardım maşını səfərbər olunub.
Bolunun valisi Əbdüləziz Aydın yanğının səbəbinin hələ ki, məlum olmadığını desə də, alovun restoranın yerləşdiyi mərtəbədən başladığını ehtimal edir. Hadisə zamanı hoteldə 234 qonaq olub.
Yanğınla əlaqədar istintaq başlanılıb. Hadisə ilə əlaqədar mehmanxananın sahibi də daxil olmaqla 4 nəfər saxlanılıb.