Bakı. Trend:
"Respublika Perinatal Mərkəzi"ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə iş üzrə zərərçəkən qisimdə tanınan şəxslər ifadə verib.
Məhkəmədə ifadə verən Elvin Nəcəfov bildirib ki, mühafizə polisində işləyir və xidmət yeri "Respublika Perinatal Mərkəzi"dir:
"Hadisə zamanı mən növbədə idim. Resepşından dedilər ki, 4-cü mərtəbədə yanğın var. Mən qalxdım. Gördüm ki, küveys yanır. Yanğın şiddətli deyildi. Mən su ilə söndürməyə çalışdım. Alınmadı. Sonra mən yanğınsöndürən balonlarla söndürməyə çalışdım. Mən ora qalxanda tibb personalı da orada idi. 6 nəfəri xilas etdim".
Elvin Nəcəfov prosesdə şikayət və tələbinin olmadığını bildirib.
Daha sonra zərərçəkən Vaqif Abdullayev ifadə verib.
O, bildirib ki, təqsirləndirilən şəxslərin heç birini tanımır:
"Mən yoldaşımı mərkəzə yerləşdirdikdən sonra rayona qayıtdım. Rayona çatanda yoldaşım zəng edib mərkəzin yandığını dedi. Daha sonra anama zəng edib. Anam taksi ilə mərkəzə gəlib və uşağı küveysdən çıxarıb. Mən rayondan birbaşa mərkəzə qayıtdım. Orda bildim ki, yoldaşım və övladım ayrı-ayrı xəstəxanadadır".
"Rəhbərlikdən şikayətçiyəm. Evin yeganə övladıyam. 8 ildir mən evliyəm. Müalicə, dəva-dərman və nəhayət sevindik ki, övladımız olacaq. Sonra da bu hadisə baş verdi", - zərərçəkən əlavə edib.
Zərərçəkən Nəzrin Qurbanova da məhkəmədə ifadə verib.
"Hadisə zamanı övladımı itirmişəm. Mən evə buraxıldım. Lakin övıadımın səhhətində ağırlaşma olduğu üçün buraxmadılar. Onu ziyarətə gələndə otaqda görmədim. Elə bildim bölməni dəyişiblər. Sonradan övladımın otağı yanğın baş verən otağa dəyişdirildiyini öyrəndim. Təqsirləndirilən şəxslərin qanun çərçivəsində cəzalandırılmasını istəyirəm”.
Sonra mərkəzdə xadimə işləyən və zərərçəkən qisimdə tanınan Aynurə Əhmədova ifadə verib:
"Mən xadimə işləyirəm. Təmizlik işləri gördüm. Qışqırıq səsləri eşitdim ki, mərkəz yanır. Yuxarı qalxdım. Tibb bacıları və digər xadimə ilə vedrə-vedrə su daşıyırdıq ki, yanğını söndürək. Yanğın elektrik yuvasından başladı və biz ora su töküb söndürməyə çalışdıq. Yanğın pərdə vasitəsi ilə yayıldı və sonra küveyslərə keçdi. Sonra yanğın baş verən otaqdan uşaqları çıxarıb aşağı mərtəbəyə apardıq. 15 uşağı mən özüm ikinci mərtəbəyə aparıb təhvil vermişəm. Mərtəbədə 1 yanğınsöndürmə balonu olub. FHN yanğın təhlükəsizliyi ilə bağlı təlim keçsə də, şöbəmizin işi ağır olduğundan biz təlimə buraxılmamışıq".
Proses 19 mayda davam etdiriləcək.
Qeyd edək ki, 2024-cü il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib.
Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3
(yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və
daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq
iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət
işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun
İstintaq idarəsinə tapşırılıb.
İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya
və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya
bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş
yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb,
müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan
vurulub.
Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.
Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib. Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.