Bakı. Trend:
Sosial şəbəkələrdə başqa qadının şəkillərini bəyənən şəxs bundan narazılığını ifadə edən arvadını döyüb.
Trend-in məlumatına görə, hadisə Sabunçu rayonunda baş verib.
Belə ki, təqsirləndirilən şəxs işdən gəldikdən sonra qeyri-rəsmi şəkildə aralarında ər arvad münasibəti olan zərərçəkmişin qanı qara olduğunu görüb. Ondan səbəbini soruşduqda öncə cavab verməyib, yenidən nə olduğunu soruşduqdan sonra zərərçəkmiş bu barədə digər otaqda danışmağı bildirib.
Otağa keçdikdən sonra zərərçəkmiş ona sosial şəbəkədə digər qadınların şəkillərini bəyəndiyini bildirib. O da cavabında köhnə şəkillər olduğunu deyib. Zərərçəkmiş şəxs bu cür hərəkətləri qəbul edə bilməyəcəyini bildirərək, ona şillə vurub. Bundan sonra təqsirləndirilən şəxs də şillə ilə zərərçəkmişi vurub.
Bundan sonra zərərçəkmiş anasına zəng edərək bildirib ki, polisə zəng etsin və gəlib onu aparsın.
Sabunçu rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından 15% dövlət nəfinə pul tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilib.