Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir X.Murtuzayeva/
Türkiyə turistləri saxta spirtli içkilərdən xilas etməyin yolunu tapıb. Bunun üçün sadəcə olaraq saxta alkoqollu içkidən bircə qurtum içmək kifayətdir. Bu barədə Trend Rusiya KİV-ə istinadən məlumat verir.
"Biz ölkəmizə sənaye məqsədləri üçün idxal olunan metil spirtinə 100 litrə 3 qram nisbətində denatonium benzoat əlavə edirik. Beləliklə, əgər cinayətkarlar hansısa şəkildə ondan satış məqsədilə alkoqol hazırlaya bilsələr, istehlakçı onu içə bilməyəcək. Ağzına bir qurtum alan kimi onu qaytaracaq", - Türkiyənin alkoqollu və tütün məhsullarının dövriyyəsinə nəzarət üzrə xüsusi dövlət orqanının rəisi Mustafa Çakıroğlu danışıb.
Yeri gəlmişkən qeyd edək ki, bu ideya artıq həyata keçirilir.
Məmur bildirib ki, spirtə kimyəvi maddənin əlavə edilməsi ideyası Türkiyənin tətbiq etdiyi nou-haudur. Çakıroğlu əmindir ki, bunun sayəsində saxta alkoqolun yerli bazarda meydana çıxmasının tam şəkildə qarşısı alınacaq.
Qeyd edək ki, acı dada malik ağ toz olan denatonium benzoatdan ətriyyat istehsalında və məişət kimyasında istifadə olunur. Onun alkoqol zəhərlənmələri təhlükəsini azaltdığı hesab edilir.