Azərbaycan, Bakı, 28 noyabr / Trend, müxbir X.Murtuzayeva /
İtaliyada tədqiqatçılar Leonardo Da Vinçinin ölməz əsəri olan Mona Liza portretinin arxasındakı mənzərənin yerini tapdıqlarını iddia edirlər. Bu barədə Trend Türkiyə mətbuatına istinadən xəbər verir.
Urbino Universitetinin geomorfoloqlarından Oliviya Nesci ilə fotoqraf Rosetta Borçiya İntibah dövrünün başqa rəssamlarından Piyero della Françeskanın rəsmlərindəki mənzərələri araşdırmaq üçün bölgəyə gedərkən Mona Liza rəsmindəki mənzərə ilə bənzərliyi kəşf etdiklərini bildirirlər. Onlar mənzərənin Toskana yaxınlığındakı Senatello və Marekka çaylarının kəsişdiyi bölgə olduğunu deyirlər.
Eyni zamanda, tədqiqatçılar Mona Lizanın arxasındakı mənzərənin təkcə bir bölgəyə aid olmadığını, altı fərqli baxışdan bölgədəki görünüşün birləşdirildiyini də ehtimal edirlər.
Ancaq bu kəşf Mona Liza rəsmindəki mənzərə ətrafındakı müzakirələri dayandırmayıb. Qeyd edək ki, sənət tarixçilərinin bir hissəsi mənzərənin "Leonardonun xəyalının məhsulu" olduğunu iddia etdikləri halda, digərləri onun İtalyanın şimalındakı dağlıq bir bölgə ola biləcəyi ehtimalını irəli sürürlər.