Azərbaycan, Bakı, 21 iyul /Trend/
Tovuzda aparılan arxeoloji qazıntılar zamanı mindən artıq qədim əşya tapılıb.
Trend Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, Tovuzda Neolit və Eneolit dövrünə aid olan "Menteş təpə" adlanan ərazidə 8 il öncə başlanılan işlərə yekun vurulur. Tədqiqatların əsas məqsədi Kür çayının orta axarında qədim yaşayış məskənlərini tədqiq etməkdir. Radio-karbon analizlərinin nəticələri abidənin bizim eradan əvvəl 6-cı minilliyə aid olduğunu deməyə əsas verir.
Arxeologiya və Etnoqrafiya İnstitutunun Tovuz arxeoloji ekspedisiyasının Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin mütəxəssisləri ilə birgə apardığı arxeoloji qazıntılar zamanı mindən artıq qədim əşya tapılıb ki, onlar arasında qızıl olanı da var.
Fransa ekspedisiyasının rəhbəri Behtil Yune deyib: "Bu, Azərbaycanda nadir abidələrdəndir ki, burada ilkin Neolit dövründən başlayaraq ilk tunc dövrünə qədər olan təbəqələr aşkar edilib. Bu tədqiqatlar Yaxın Şərqin və bu regionun arxeoloji cəhətdən bəzi qaranlıq məqamlarına aydınlıq gətirməyə əsas verəcək".