...

Heç bir yer doğma Kəlbəcəri əvəz edə bilmir – azərbaycanlı qaçqın

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 İyun 2008 10:40 (UTC +04:00)
Heç bir yer doğma Kəlbəcəri əvəz edə bilmir – azərbaycanlı qaçqın

Azərbaycan, Bakı, 20 iyun / Trend , müxbir C.Babayeva/ BMT-nin üzvü olan Azərbaycanda iyunun 20-si Beynəlxalq Qaçqınlar Günü kimi qeyd olunur. Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik yeddi rayonunun işğalı nəticəsində bir milyondan çox insan qaçqın və məcburi köçkün halına salınıb. Beynəlxalq Qaçqınlar Günü ərəfəsində Trend informasiya agentliyi 15 ildir ki, Bakıda qaçqın həyatı yaşayan 73 yaşlı Kəlbəcər rayon qaçqını Süsən Mirzəyeva ilə söhbətləşib. O, Kəlbəcərin İstisu qəsəbəsindən səkkiz nəfərlik ailə üzvü ilə qaçqın düşüb.

Trend -un arayışı: Azərbaycanın Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. İşğal zamanı 511 nəfər rayon sakini və 55 hərbçi qətlə yetirilib, 321 nəfər girov götürülüb, 60 698 nəfər yerli əhali öz yurdundan qovularaq çıxarılıb.

Süsən xanım Kəlbəcərdən qaçqın düşməyini belə xatırlayır

- 1993-cü il martın 31-də günorta saat 2-də ermənilərin Kəlbəcərə hücuma keçdiyi xəbəri yayıldı. Yaşadığımız İstisu qəsəbəsinin sakinləri evlərini tərk edib min bir əzabla rayondan çıxa bildi. 87 nəfərlə "Kamaz" maşınının yük yerinə minmişdim. Maşında körpələr, qocalar, hamilə qadınlar vardı. Maşınla keçdiyimiz yol boyu Kəlbəcərin xarabazara çevrildiyinin şahidi olurduq. Ermənilər maşınımızı aramsız gülləyə tuturdular. Yol kənarında olan yaşıl kollar, ağaclar güllələrdən od tutub yanırdı. Maşındakı qız-gəlinlər bundan qorxuya düşmüşdü. Evdən çıxanda götürdüyüm Quranı onlara göstərib "İnşallah sağ-salamat çıxarıq" dedim. Kəlbəcəri tərk edib təkbaşına hərəkət edənlər də çox idi. Yol boyu maşınlar aşmış, yorğan-döşəklər yerlə bir idi, körpələri bellərinə bağlayan analar özləri maşınsız hərəkət edirdilər. Gecəni Meydançay yaxınlığında "Kamaz"da keçirdik. Səhəri gün maşınla Xanlar və Gəncə arasında yerləşən qərargaha çatdıq. Orada kimin haraya gedəcəyi siyahıya alındı. Biz Gəncədə bir həftə qalandan sonra Bakıya gəldik.

Qəsəbə sakinlərinin əksəriyyətinin hansı yolla İstisunu tərk etmələrindən xəbərimiz olmadı. İstisuda qalmış yoldaşım Bəhmən kişi biz oradan çıxan günün səhərisi qəsəbəni tərk edib. İstisudan Bakıya gələndə oradakı evimizin açarlarını gətirmişdi.

Sonradan xəbər tutmuşduq ki, Kəlbəcərin kəndlərindən olan 40 nəfər qız-gəlin ermənilərə əsir düşməsin deyə qayalıqlardan özlərini Tərtərçaya atıblar. Ermənilər vertolyotlarının müəyyən yerlərini dəyişərək Azərbaycan vertolyotlarına bənzətmişdilər. Bir çoxları allanıb həmin vertolyota minmişdi. İndiyəcən onlardan xəbər yoxdur.

- Qaçqınlar məişət həyatında ən çox hansı çətinliklərlə üzləşir?

- Qaçqınlar nə qədər ağır şəraitdə yaşasalar da, artıq buna uyğunlaşıblar. Qaçqınların yeni qəsəbələrə köçürülüb rahat həyat şəraiti ilə təmin edilməsi fikrimcə düzgün addım deyil. Torpaqlarımızı geri almaq fikrindəyiksə, qaçqınlar və məcburi köçkünlər əbədi yaşayış yerləri ilə təmin olunmamalıdırlar.

-Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesini izləyirsinizmi?

-Aparılan danışıqlarla torpaqlarımız geri qaytarlmayacaq. Danışıqlar prosesi yalnız görüntü xarakteri daşıyır. Azərbaycan torpaqlarının işğaldan azad olunmasının yeganə yolu hərb yoludur. Torpaq bağışlanmır. Ermənilərin Kəlbəcəri və Laçını qaytarmayacaqlarını eşidəndə dəli kimi öz-özümə danışıram.

-Nə vaxtsa azərbaycanlılarla ermənilərin birgə yaşayışını təsəvvür edirsinizmi?

-Azərbaycanlılarla ermənilərin birgə yaşayışı qeyri-mümkündür. Ermənilərlə birgə yaşamaq onlara görə heç vaxt davamlı ola bilməz.

- Ən böyük arzunuz?

-Azərbaycanın hər yeri mənim üçün əzizdir, amma heç bir yer doğma Kəlbəcəri əvəz edə bilmir. Yaşlı olsam da, bugün də vətənə qayıtmaq həsrəti ilə yaşayıram. İnşallah, torpaqlarımız qaytarılandan sonra dizlərim tutsa, Bakıdan Kəlbəcərə qədər piyada gedərəm. Dağlıq Qarabağ müharibəsi veteranları olan iki oğlum da hər zaman vətən uğrunda döyüşə hazırdırlar. Hər namaz qılanda Allahdan həmin torpaqların geri qaytarılmasını diləyirəm.

-Bakıda anadan olmuş gənc kəlbəcərlilər doğma vətən barədə nə düşünürlər?

- 20 yaşlı nəvəm Yaqutun Kəlbəcər yadında qalmasa da, ora qayıtmağı çox arzulayır, əsgərlikdə olan nəvələrim ermənilərə həddindən artıq nifrət bəsləyirlər. Azərbaycanın işğal altında olan bütün rayonlarının işğal günləri dövlət səviyyəsində qeyd olunmalıdır ki, gənc nəsil unutqan olmasın.

- İşğalda olan Kəlbəcəri necə təsəvvür edirsiz?

-İşğaldan sonra Kəlbəcərin əvvəlki Kəlbəcər kimi qaldığına inanmıram. Ermənilər oradakı bütün tikililəri dağıdıb, bütün sərvətləri istismar edir. Kəlbəcərin nadir təbiəti yad ermənilərin nəfəsini duyur. Torpaq da yad düşmən tapdağı altında olduğunu duyub əvvəlki simasını itirib. Ermənilər işğal altında olan torpaqlarımızda qəsdən yanğınlar törədir. Onlar torpağı keyfiyyətdən salmaq istəyirlər. Ermənilər bilirlər ki, gec-tez Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: trend

Xəbər lenti

Xəbər lenti