Türkiyə Böyük Birlik Partiyasının (BBP) lideri Yalçın Topçu ölkənin xarici işlər naziri Əhməd Davudoğlu ilə Türkiyə-Ermənistan protokolunun imzalanmasını müzakirə etdikdən sonra, bildirib ki, Ermənistan sərhədlərin açılmasını istəyirsə, işğal etdiyi Azərbaycan torpaqlarında geri çəkilməlidir.
Bu haqda Türkiyənin CİHAN informasiya agentliyi məlumat verib.
"Ermənistan sərhədlərin açılmasına ciddi yanaşırsa, işğal etdiyi Dağlıq Qarabağdan çıxmalıdır", - deyə Topçu bildirib.
BBP lideri Topçu onu da qeyd edib ki, Türkiyə-Ermənistan protokolunun İsveçrədə imzalanmasına ehtiyac yox idi.
Trend -un arayışı: Avqust ayında Türkiyə XİN-dən bildirilib ki, Ermənistanla İsveçrənin vasitəçiliyi ilə aparılan danışıqlarda "Diplomatik münasibətlərin qurulması barədə Protokol" və "İkitərəfli münasibətlərin inkişafı üzrə Protokol"a dair "daxili siyasi məsləhətləşmələr"ə başlanılması barədə razılaşma əldə olunub. Siyasi məsləhətləşmələrin altı həftə ərzində tamamlanması planlaşdırılır, bunun ardınca isə iki protokol imzalanacaq və təsdiqlənməsi üçün hər iki ölkə parlamentinə təqdim ediləcək. Bu barədə Türkiyə XİN-in məlumatında deyilir. "Türkiyə hazırda qonşu Ermənistanla sərhədlərin açılmasını planlaşdırmır", - Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib. Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Türkiyənin xarici işlər naziri Davudoğlu Ankara və Yerevan arasında İsveçrənin vasitəçiliyi ilə imzalanan protokolun müzakirəsi üçün ölkədəki siyasi partiya liderləri ilə görüşə başlayıb. .
Türkiyə müxalifətinin lideri Dəniz Baykal Türkiyə ilə Ermənistan arasında avqust ayında imzalanan protokola Dağlıq Qarabağ məsələsinin daxil olunmasını tələb edib.
Digər müxalif Milliyətçi Hərəkat Partiyasının lideri Devlet Bahçeli isə Davudoğlu ilə görüşü rədd edib