Azərbaycan, Bakı, 24 sentyabr / Trend , müxbir E.Ostapenko /
Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Nyu-Yorkda Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.
BMT Baş Assambleyasının sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu arasında görüş keçirilib. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb, cümə axşamı Trend -a Azərbaycan XİN-dən məlumat verilib.
Görüşdə həmçinin iki ölkə arasında əməkdaşlığın bütün istiqamətləri müzakirə olunub.
Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]