Azərbaycan, Bakı, 30 sentyabr / Trend /
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycan və Ermənistan prezidentlərinin Kişinyovda keçiriləcək növbəti görüşünün səmərəli olacağına ümid edir.
Oktyabrın 9-da Moldovada MBD dövlətləri başçılarının növbəti sammiti keçiriləcək. Görüşlər çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasındakı danışıqların növbəti raundunun baş tutması gözlənilir.
Oktyabrın əvvəlində ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın 10-da Kişinyovda planlaşdırılan görüşünün hazırlanması məqsədi ilə regiona gələcək. Bu barədə çərşənbə axşamı Trend -a rusiyalı həmsədr Yuri Merzlyakov bildirib.
"Biz Azərbaycan və Ermənistan prezidentlərinin Kişinyov görüşünə böyük ümidlər bəsləyirik", - Davudoğlu çərşənbə günü CNN Türk telekanalına bildirib.
"İndiyə qədər Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan-Ermənistan münasibətlərinin normalaşdırılması üçün çox şey edilib", - nazir bildirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.