...

Azərbaycan şəhid olmuş əsgərinin meyitinin qaytarılması üçün beynəlxalq təşkilatlarla ardıcıl iş aparır - Müdafiə Nazirliyi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 İyul 2010 12:34 (UTC +04:00)
"Təəssüf edirik ki, hələlik, konkret nəticə əldə edə bilməmişik. Bunun yeganə səbəbi erməni tərəfin beynəlxalq normaları açıq-aşkar pozması ilə bağlıdır", - mətbuat xidmətinin rəsmisi deyib.
Azərbaycan şəhid olmuş əsgərinin meyitinin qaytarılması üçün beynəlxalq təşkilatlarla ardıcıl iş aparır - Müdafiə Nazirliyi

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir K. Zərbalıyeva/

Azərbaycan Müdafiə Nazirliyi şəhid olmuş əsgərinin meyitinin qaytarılması üçün beynəlxalq təşkilatlarla ardıcıl iş aparır, - bu barədə Müdafiə Nazirliyi mətbuat xidmətinin baş zabiti Abbas Şirinov cümə axşamı Trend-ə məlumat verib.

"Təəssüf edirik ki, hələlik, konkret nəticə əldə edə bilməmişik. Bunun yeganə səbəbi erməni tərəfin beynəlxalq normaları açıq-aşkar pozması ilə bağlıdır", - mətbuat xidmətinin rəsmisi deyib.

İyunun 19-da Ermənistan silahlı qüvvələrinin hücumu zamanı dörd erməni hərbçisi öldürülüb, dördü isə yaralanıb. Azərbaycan tərəfdən isə Millli Ordumuzun əsgəri, Biləsuvar rayonundan olan Mübariz İbrahimov şəhid olub. Onun meyiti neytral ərazidə qalıb.

Şirinov bildirib ki, bu istiqamətdə nazirlik sona qədər işini davam etdirəcək. O, gec də olsa, Ermənistanın beynəlxalq hüquq normalarına hörmətlə yanaşaraq, Azərbaycan əsgərinin meyitini qaytaracağına ümidvar olduğunu deyib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası şəhid olmuş Azərbaycan əsgərinin qaytarılması üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) müraciət edib.

BQXK-nin Azərbaycan Nümayəndəliyindən isə Trend-ə bildirilib ki, komissiyadan göndərilən məktub komitənin Ermənistandakı nümayəndəliyi vasitəsilə bu ölkənin hakimiyyət orqanlarına təqdim olunub. BQXK-dən verilən məlumata görə, hələlik müraciət cavablandırılmayıb.

Xəbər lenti

Xəbər lenti