...

BQXK-nın əməkdaşları Azərbaycanda saxlanılan ermənilərə baş çəkib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Mart 2011 12:08 (UTC +04:00)
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyinin əməkdaşları Azərbaycanda əsirlikdə olan Ermənistan hərbçiləri və mülki şəxslərinə baş çəkib.
BQXK-nın əməkdaşları Azərbaycanda saxlanılan ermənilərə baş çəkib

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir K.Zərbalıyeva/

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyinin əməkdaşları Azərbaycanda əsirlikdə olan Ermənistan hərbçiləri və mülki şəxslərinə baş çəkib.

BQXK-nın Bakı ofisinin yayım şöbəsinin rəhbəri İlahə Hüseynova cümə axşamı Trend-ə bildirib ki, komitənin əməkdaşları martın 30-da Azərbaycanda saxlanılan 3 nəfər erməni əsirinə və bir ailənin 5 üzvünə baş çəkib.

Onların saxlanma şəraiti, vəziyyətləri ilə maraqlanıblar.

Başçəkmənin təfərrüatları barədə ətraflı məlumat verilmir.

Azərbaycanda hazırda 3 erməni hərbi əsir, bir ailənin 5 üzvü saxlanılır.

Martın 17-də tərəflər arasında əldə olunanrazılığa görə, Ağdam rayonunda BQXK-nin vasitəçiliyi ilə Azərbaycan erməni tərəfə mülki şəxs Artur Badalyanı təhvil verib. Əsirlikdə olan azərbaycanlı hərbi qulluqçu Anar Hacıyev isə Azərbaycana qaytarılıb.

Ermənistanın silahlı qüvvələri tərəfindən 27 avqust 2010-cu il tarixdə Azərbaycan Ordusunun kiçik çavuşu Roman Hüseynov, 10 may 2009-cu il tarixdə kiçik çavuş Anar Hacıyev əsir götürülüb.

Bir müddət öncə isə Azərbaycan əsirlikdə olan 3 erməni hərbçisini onların razılığı ilə üçüncü ölkəyə göndərib.

Cenevrə konvensiyalarına əsasən, fəaliyyət göstərən BQXK Azərbaycanda və Ermənistanda Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1992-ci ildən etibarən işləyir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti