...

Azərbaycan Ordusu bütün parametrləri üzrə Ermənistan ordusunu üstələyib - politoloq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 May 2011 15:58 (UTC +04:00)
Azərbaycan Ordusu bütün parametrləri üzrə Ermənistan ordusunu üstələyib.
Azərbaycan Ordusu bütün parametrləri üzrə Ermənistan ordusunu üstələyib - politoloq

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Ordusu bütün parametrləri üzrə Ermənistan ordusunu üstələyib. Bu barədə çərşənbə günü Trend Beynəlxalq İnformasiya Agentliyinin konfrans zalında keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu bildirib.

"Ermənilər başa düşürlər ki, hərbi ruh və şəxsi heyətin döyüş bacarığı ilə bağlı dedikləri nağıldan başqa bir şey deyil. Ona görə də Ermənistan rəhbərliyi vəziyyətdən çıxış yolunu orduda informasiya texnologiyalarını tətbiq etməkdə görür", - Əhmədoğlu əlavə edib.

Əhmədoğlu bildirib ki, Azərbaycan hərbi aviasiyasının son təlimləri də Ermənistanda ciddi narahatlığa əsas olub.

"Aviasiya baxımından Azərbaycanın Ermənistandan üstün olması Ermənistanda çoxlarına bəlli olsa da, son vaxtlar Azərbaycan hərbi aviasiyası təlimlər keçirmirdi. Ermənistanın Hava Hücumundan Müdafiə (HHM) sisteminin Azərbaycan hərbi aviasiyasının hərəkətini nəzarət altında saxlaması ilə bağlı məlumat yayılsa da, onların HHM sistemində qüsurların olduğu barədə iddia etməyə əsaslar var", - o qeyd edib.

Əhmədoğlu hesab edir ki, həmin ərəfədə yayılan üç informasiyanın təhlili bu ehtimalı ciddiləşdirir.

"Azərbaycan hərbi aviasiyasının manevrlərindən dərhal sonra Ermənistanın HHM sisteminin vəziyyəti Seyran Ohanyanın rəhbərliyi ilə keçirilən iclasda müzakirə edildi. Yayılan məlumatda HHM-in işinin yüksək səviyyədə olması barədə fikir yox idi. Ermənistanın informasiya siyasətində bu mühüm məsələdir. Həm də məsələnin operativ müzakirəsi də diqqəti cəlb edir. Bundan əlavə, Ermənistanın müdafiə naziri Ohanyanın istefa verməsi ilə bağlı yayılan məlumatlardan da görünür ki, HHM-in vəziyyəti ilə bağlı ortalığa çıxan yeni məlumatlar müdafiə naziri Ohanyanı pis vəziyyətə salıb. Onun istefa verməsi ilə bağlı məlumatların yayılmasını da bununla bağlamaq olar", - o vurğulayıb.

Əhmədoğlu hesab edir ki, Ermənistan öz iradəsindən asılı olmayaraq Ermənistan ordusunu ön plana çıxarmaq məcburiyyətindədir. Onun sözlərinə görə, Ermənistanın hərbi imici toxunulmamış qalan yeganə istiqamətdir.

"Ermənistanın hərbi imicini dağıtmaqla Ermənistan xalqının təkcə işğal olunmuş torpaqları deyil, ümumilikdə Ermənistanı tərk etməsinin bünövrəsini qoymaq olar. Onsuz da bu proses gedir. Ermənistanın hərbi imicini dağıtmaq isə əlçatmaz deyil", - o bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti