Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir, E.Tariverdiyeva/
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair sonrakı danışıqlar üçün əsas ola biləcək prinsipləri təsdiqləməyin vaxtı çatıb. Bu barədə Fransa Prezidenti Nikola Sarkozinin Ermənistan Prezidenti Serj Sarkisyana müraciətində deyilir. Trend-in məlumatına görə, xəbəri "Mediamaks" agentliyi Ermənistan Prezidentinin mətbuat xidmətinə istinadən yayıb.
Sarkozi qeyd edib ki, onunla birgə prezidentlər Obama və Medvedevin mayın sonlarında Dovildə verdikləri bəyənatın davamı kimi əminliyini bildirmək istəyir ki, tarixdə ölkə prezidentlərinin öz xalqlarına müdriklik, cəsarət və sülh yolu göstərməli olduqları anlar olur. Sarkozi əmindir ki, bu vaxt çatıb.
İyunun 24-də Kazanda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ üzrə üçtərəfli görüşü keçiriləcək.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.