...

ABŞ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Azərbaycana onun istədiyi qədər yardım etmir - politoloq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Noyabr 2011 13:13 (UTC +04:00)
ABŞ Xəzər dənizində Azərbaycanın problemlərini həll etməyə başlamaqla diqqəti Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindən yayındırmaq istəyir.
ABŞ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Azərbaycana onun istədiyi qədər yardım etmir - politoloq

Azərbaycan, Bakı, 3 noyabr / Trend müxbir İ.İsabalayeva/

ABŞ Xəzər dənizində Azərbaycanın problemlərini həll etməyə başlamaqla diqqəti Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindən yayındırmaq istəyir. Bunu cümə axşamı Trend Beynəlxalq İnformasiya Agentliyinin konfrans zalında keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.

Onun sözlərinə görə, rəsmi Bakı isə ABŞ-la münasibətdə DQ münaqişəsinin tənzimlənməsini prioritet kimi saxlayır.

Politoloq deyib ki, ABŞ DQ münaqişəsinin tənzimlənməsində Azərbaycana onun istədiyi qədər yardım etmir. Çünki Ermənistan indi ABŞ üçün daha mühüm əhəmiyyətə malikdir.

Əhmədoğulun sözlərinə görə, ABŞ-ın Xəzər dənizində Azərbaycanın problemlərini həll edə biləcəyi ciddi şübhə doğurur.

"ABŞ Xəzər məsələsini aktuallaşdırmaqla İranı şantaj edir. Bu şantajın Azərbaycan vasitəsilə edildiyini nəzərə alsaq, İranın dərhal müharibəyə əl atacağını ehtimal etmək mümkündür. Beləliklə, ABŞ İranı müharibəyə cəlb edir. Azərbaycanın nə vəziyyətə düşəcəyi isə onu maraqlandırmır", - politoloq əlavə edib.

O qeyd edib ki, DQ münaqişəsinin tənzimlənməsi ətrafında aktivlik müşahidə edilir. Bununla bağlı verilən bəyanatların sayı artıb və onların mahiyyətində dəyişikliklər meydana çıxıb. ABŞ və Fransanın da DQ münaqişəsinin tənzimlənməsində aktivliyininin artdığını görmək olar. Bununla yanaşı, DQ münaqişəsinin tənzimlənməsi ilə maraqlanan ciddi dövlətlərin sayında da artım var.

Əhmədoğlunun sözlərinə görə, İran DQ münaqişəsinin tənzimlənməsində Azərbaycanın mövqeyini dəstəkləmir, açıq şəkildə Ermənistanın mövqeyini dəstəkləyir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti