...

Ermənistan Dağlıq Qarabağla bağlı mövqeyindən geri çəkilməyə məcbur olur – politoloq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Yanvar 2012 13:45 (UTC +04:00)
Azərbaycanlı politoloq hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Ermənistanın mövqeyindəki ciddi dəyişikliklərin İran ətrafındakı qalmaqalla eyni vaxta düşməsi təsadüfi deyil.
Ermənistan Dağlıq Qarabağla bağlı mövqeyindən geri çəkilməyə məcbur olur – politoloq

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanlı politoloq hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Ermənistanın mövqeyindəki ciddi dəyişikliklərin İran ətrafındakı qalmaqalla eyni vaxta düşməsi təsadüfi deyil.

İran zəiflədikcə, Ermənistan Dağlıq Qarabağla bağlı mövqeyindən geri çəkilməyə məcbur olur. Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu çərşənbə axşamı keçirdiyi brifinqdə deyib.

"Azərbaycan ictimaiyyətinin son illər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsində kimləri günahlandırmasından asılı olmayaraq, ən azı son iki ildə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsində Ermənistanın inkar mövqeyinin mənbəyi və dayağı İran İslam Respublikası olub", - Əhmədoğlu deyib.

Onun sözlərinə görə, İran indi də həmin mövqeyindədir, sadəcə, zəiflədiyi üçün onun mövqeyi Ermənistanda inam yaratmır.

"Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Ermənistan vaxtilə ABŞ, Rusiya və Fransaya həm ayrı-ayrılıqda, həm də birlikdə arxalanırdı. İndi Azərbaycanın apardığı siyasət nəticəsində Ermənistan bu üç dövlətə arxalana, İran isə Ermənistana dayaq ola bilmir", - Əhmədoğlu qeyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti