...

Allahşükür Paşazadə: Xocalı soyqırımına lazımi qiymət verilməsə, sabah belə soyqırım başqa bir xalqın azadlığına qarşı çevriləcək (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Fevral 2012 13:18 (UTC +04:00)
Xocalı soyqırımına bu gün dünya ictimaiyyəti lazımi qiyməti verməsə, sabah belə soyqırım başqa bir xalqın azadlığına, rifahına qarşı çevriləcək.
Allahşükür Paşazadə: Xocalı soyqırımına lazımi qiymət verilməsə, sabah belə soyqırım başqa bir xalqın azadlığına qarşı çevriləcək (ƏLAVƏ OLUNUB)

Dini rəhbərlərin çıxışları əlavə olunub (İlk xəbər 11:41-də yayılıb)

Azərbaycan, Bakı, 23 fevral / Trend müxbir M.Əliyev/

Xocalı soyqırımına bu gün dünya ictimaiyyəti lazımi qiyməti verməsə, sabah belə soyqırım başqa bir xalqın azadlığına, rifahına qarşı çevriləcək. Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə Xocalı faciəsinin 20 illiyi ilə bağlı İdarədə keçirilən konfransda bildirib.

"Bu faciə Azərbaycan xalqının müstəqilliyini istəməyən qəsbkar qonşumuzun və onun arxasında dayanan qüvvələrin əməli olub", - o deyib.

Şeyxülislam bildirib ki, Azərbaycan torpaqları yolunda canlarını qurban verənlər heç vaxt unudulmayacaqlar.

Onun sözlərinə görə, Azərbaycana qarşı çıxanlar bilməlidirlər ki, bu gün Azərbaycan 20 il bundan qabaqkı durumda deyil, çox şeyə qadirdir. "Lakin biz sülhün tərəfdarıyıq. Heç bir din müharibəyə vadar etmir", - Paşazadə deyib.

Rus Pravslav Kilsəsi Bakı və Azərbaycan yeparxiyasının yepiskopu Aleksandr İşein konfransda çıxış edərək bildirib ki, həmin günlər Xocalıda və Qarabağın digər bölgələrində baş verən hadisələr Azərbaycan xalqının mənəvi özünütanımasına səbəb oldu. "Biz bu hadisələr zamanı vahid xalq olduq. Lakin bu özünüdərk çox baha başa gəldi", - o deyib.

Yepiskop qeyd edib ki, həmin hadisələrdən nəticə çıxararaq, gələcəkdə onların təkrarlanmaması üçün həmin faciələri əbədi yaddaşda saxlamalıyıq.

Azərbaycandakı Dağ Yəhudiləri İcmasının başçısı Semyon İxiilov konfransda bildirib ki, 1992-ci ilin 26 fevral tarixində Xocalı kimi bir şəhər yer üzündən silinib. O deyib ki, bu faciəyə hələ də dünya ölkələri tərəfindən layiqli qiymət verilməyib. "Gec-tez dünya kimin haqlı, kimin haqsız olduğunu başa düşəcək. İstər Xocalıda, istər Qarabağın digər bölgələrində cinayət törədənlər öz cəzalarına çatacaqlar", - İxiilov deyib.

Konfransda çıxış edən Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, millət vəkilləri Bəxtiyar Əliyev, Fəzail İbrahimli, Aydın Mirzəzadə 20 il qabaq baş verən cinayətin dəhşətindən danışıblar, həmçinin Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınması istiqamətində işlərin, cinayətkarların məsuliyyətə cəlb edilməsinin zəruriliyini qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti