...

Bahar Muradova: İşğal faktoru aradan qalxmayınca, hansısa qarşılıqlı müzakirələrdən bir nəticə çıxmayacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Sentyabr 2012 12:17 (UTC +04:00)
Bu gün Azərbaycanın ATƏT ölkələri ilə münasibətləri çox yüksək səviyyədə inkişaf edir və biz bunda maraqlıyıq.
Bahar Muradova: İşğal faktoru aradan qalxmayınca, hansısa qarşılıqlı müzakirələrdən bir nəticə çıxmayacaq

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir M.Əliyev/

Bu gün Azərbaycanın ATƏT ölkələri ilə münasibətləri çox yüksək səviyyədə inkişaf edir və biz bunda maraqlıyıq. Lakin işğal faktoru aradan qalxmayınca, hansısa qarşılıqlı müzakirələrdən, əlaqələrdən bir nəticə çıxmayacaq. Trend-in məlumatına görə, bunu cümə axşamı Bakıda keçirilən "Körpülərin salınması" beynəlxalq konfransında Milli Məclisin vitse-spikeri, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib.

O qeyd edib ki, bu münasibətlərdə Avropa dəyərlərinin Azərbaycana gətirilməsi və Azərbaycanın malik olduğu qədim ənənələrin Avropaya təqdim olunması mühüm rol oynayır.

"Biz Avropa ilə birgə bir çox layihələrə imza atmışıq. Bunların arasında Azərbaycanın müəllifliyi ilə yaradılan Avronest PA ciddi faktordur", - o deyib.

Muradova bildirib ki, bütün bunlara baxmayaraq, hələ də bəzi beynəlxalq təşkilatlar Azərbaycana qarşı ikili standartlardan əl çəkmirlər. O deyib ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktorunun rəsmən qəbul edilməsi üçün BMT-nin 4 qətnaməsinin, o cümlədən ATƏT-in müvafiq sənədlərinin olmasına baxmayaraq, hələ də bəzi təşkilatlar Ermənistanı işğalçı kimi tanımırlar.

"Körpülər heç vaxt birtərəfli salına bilməz, bu, qarşılıqlı olmalıdır. Azərbaycan işğalla bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərarları qəbul edir. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Daim bizimlə görüşlərdə Ermənistanla ciddi kompromislərin vacibliyindən bizə bəhs edirlər. Düşünürəm ki, işğal faktoru aradan qalxmayınca, hansısa qarşılıqlı müzakirələrdən, kontaktlardan bir nəticə çıxmayacaq. Bu gün 84 yaşlı anam tanrıdan möhlət yox, dünyasın dəyişən zaman öz doğma torpağında dəfn olunmasını istəyir. Mən ona necə izah edim ki, ermənilərə güzəştə getməliyik... O torpağına dönmək istəyir. Bu, onun Allahdan verilən haqqıdır. Avropa Parlamenti hər bir insanın haqqını özünə qaytarmalıdır", - Muradova deyib.

Xəbər lenti

Xəbər lenti