...

Mübariz Əhmədoğlu: Filip Lefortun Dağlıq Qarabağın erməni icmasının təmsilçiləri ilə ilk görüşünü Yerevanda keçirməsi daha faydalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Yanvar 2013 12:36 (UTC +04:00)
Avropa İttifaqının (Aİ) Cənubi Qafqazdakı münaqişələr üzrə xüsusi nümayəndəsi Filip Lefort Dağlıq Qarabağa səfər etmək istəyir.
Mübariz Əhmədoğlu: Filip Lefortun Dağlıq Qarabağın erməni icmasının təmsilçiləri ilə ilk görüşünü Yerevanda keçirməsi daha faydalıdır

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir E.Mehdiyev/

Avropa İttifaqının (Aİ) Cənubi Qafqazdakı münaqişələr üzrə xüsusi nümayəndəsi Filip Lefortun Dağlıq Qarabağa səfəri Aİ-nin bu münaqişəsinin tənzimləməsi haqqında qəbul etdiyi 3 illik yeni layihənin reallaşması ilə əlaqəli ola bilər. Bu barədə çərşənbə axşamı Trend-ə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.

"Bu layihədə Dağlıq Qarabağ münaqişəsində birbaşa zərər çəkənlərin iştirakı da nəzərdə tutulur. Lefortun Bakıya son səfəri zamanı Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşməsi, keçirdiyi görüşlərdə "Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları", "icmalararası dialoq" terminlərini işlətməsi Aİ-nin indiki layihəsinin real mahiyyətinin faydalı olmasından xəbər verir. Lakin ermənilər bir neçə dəfə belə faydalı layihələrin təsirini heçə endiriblər", - politoloq deyib.

O qeyd edib ki, ona görə layihənin yaxşı olması ilə yanaşı, bu layihənin reallaşmasının yaxşı icra mexanizmlərinin hazırlanması da hədsiz vacibdir. Bunun üçün Lefort Dağlıq Qarabağa ilk səfərinin məsuliyyətini dərk etməlidir.

Əhmədoğlunun fikrincə, əgər Lefort Dağlıq Qarabağa təkbaşına gedib, Dağlıq Qarabağ erməniləri ilə görüşəcəksə, bu, ermənilərin xeyrinədir. Ermənilər bundan danışıq imitasiyası üçün istifadə edəcək, səfəri Dağlıq Qarabağın müstəqil dövlət qismində tanınması istiqamətində atılan addım kimi dəyərləndirəcəklər və sonradan Lefortun azərbaycanlılarla birlikdə Dağlıq Qarabağa daxil olmasına icazə verməyəcəklər.

Politoloq qeyd edib ki, Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı layihəsinə Lefort ciddi hazırlaşmalı, ilk səfərinin ermənilər üçün mühümlüyündən istifadə etməlidir. Bunun üçün o üç məsələ üzərində düşünməlidir.

"Dağlıq Qarabağ ərazisinə Ağdam tərəfdən və Dağlıq Qarabağ azərbaycanlıları icmasının nümayəndələri ilə birlikdə daxil olmalıdır. Böyük ehtimalla Ermənistan rəhbərliyi bu addıma icazə verməyəcəkdir", - Əhmədoğlu deyib.

O qeyd edib ki, ikincisi, Lefort Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının təmsilçilərini Brüsselə dəvət edir və onların arasında görüş təşkil edir. Ardıcıl belə görüşlərlə Dağlıq Qarabağın icmaları arasında dialoq mexanizmini yaradır. Sonradan bu dialoq mexanizmini Dağlıq Qarabağ ərazisinə ekstrapolyasiya edir. Bu halda Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi sahəsində atdığı addımlar, etimadın gücləndirilməsi istiqamətindəki səyləri nəticə verə bilər.

"Lefort Dağlıq Qarabağın erməni icmasının təmsilçiləri ilə Yerevanda görüşür, missiyası barədə məlumat verir. Dağlıq Qarabağın azərbaycanlı icmasının təmsilçiləri də məhz Bakıda gorüşdüyünü vurğulayır. Ermənilər işğalçı müharibənin nəticəsindən bəhrələnməməlidirlər, ciddi səhvə yol verdiklərini anlamalıdırlar", - politoloq deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti