...

"Neftqazelmitədqiqatlayihə" İnstitutunda Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Fevral 2013 11:18 (UTC +04:00)
"Neftqazelmitədqiqatlayihə" İnstitutunda Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
"Neftqazelmitədqiqatlayihə" İnstitutunda Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir İ.İsabalayeva/

"Neftqazelmitədqiqatlayihə" İnstitutunda Cocalı faciəsinin 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

İnstitutdan şənbə günü Trend-ə verilən məlumata görə, tədbirdə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və faicəni əks etdirən filmin nümayişindən sonra tədbiri giriş sözü ilə "Neftqazelmitədqiqatlayihə" İnstitutunun direktoru Fəxrəddin İsmayılov açaraq bildirib ki, ermənilər havadarlarının dəstəyi ilə zaman-zaman azərbaycanlılara və türklərə qarşı soyqırım siyasəti həyata keçirib. Xocalı soyqırımı bunun bariz nümunəsidir. 1988-ci ildə ermənilərin əsassız torpaq iddiasının yenidən baş qaldırmasının nəticəsi olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yarandı. Hazırda 20 faiz torpaqlarımız işğal altında, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətindədir. Ermənilərin "dənizdən-dənizə Böyük Ermənistan" yaratmaq ideyalarını gerçəkləşdirmək istəkləri yüzlərlə kəndin, şəhərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnib. Tarix faktlara əsaslanır. Ermənilər özlərinə saxta tarix yazıb, dünyanı yalanlarına inandırmaq üçün nə qədər səylər göstərsələr də, hər zaman fakt qarşısında aciz qalıblar.

Dövlət başçısı İlham Əliyevin "Ermənilər həmişə türklərə, azərbaycanlılara qarşı soyqırımı siyasəti aparmışlar. Keçmiş tarixdə də belə olub, yaxın tarixdə də belə olubdur və Xocalı soyqırımı bunun bariz nümunəsidir. Günahsız insanları, uşaqları, yaşlı qadınları qətlə yetirmək soyqırım deyil, bəs nədir? Ancaq əfsuslar olsun ki, dünya birliyi bunu ya görmür, ya da görmək istəmir, ermənilərin, erməni lobbisinin və dünya ermənilərinin uydurma faktları əsasında qərar qəbul edirlər" fikri bir daha diqqətə çatdırıldı. Qeyd olundu ki, ölkə prezidenti hər zaman bu yalan təbliğata qarşı öz siyasətimizi, həqiqətlərimizi, ən əsası gücümüzü ortaya qoymağın vacibliyini bəyan edir.

Bildirildi ki, Azərbaycan 25 ildir müharibə şəraitində yaşayır. Ötən bu dövr ərzində erməni vəhşiliyini, Ermənistanın işğalçılıq siyasətini təsdiqləyən yüzlərlə faktlar aşkarlanaraq beynəlxalq ictimaiyyətin diqqətinə çatırılıb. Xocalı faciəsinin soyqırım kimi tanıdılması istiqamətində görülən işlər öz müsbət nəticəsini verməkdədir. Belə ki, Pakistan, Meksika, Kolumbiya parlamentinin, ABŞ-ın əksər ştatlarının Xocalı faciəsini soyqırımı kimi tanıması uğurlarmız sırasındandır.

Tədbirdə bu fakt bir daha diqqətə çatdırıldı- Faciə 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı qüvvələri ilə Xankəndi şəhərində yerləşdirilmiş Rusiyanın 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə törədilib. Hücumdan əvvəl- fevralın 25-i şəhər toplardan və ağır zirehli texnikalardan atəşə tutulmuş, nəticədə böyük dağıntılar və yanğınlar baş verib. Fevralın 26-sı şəhər tamamilə alova bürünüb. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbçiləri dinc əhaliyə divan tutub. Bu qırğın nəticəsində həlak olan 613 nəfərin 63-ü uşaqlar, 106-sı qadınlar, 70 nəfəri qocalar olub. 8 ailə tamamilə məhv edilib. Ermənilər sağ qalmış insanlara işgəncələr verib, başlarının dərisini soyub, uşaqların gözlərini çıxarıb. Bu, insanlığa sığmayan hərəkət, vəhşilik, cinayətdir.

YAP Yasamal rayon təşkilatının sədri, professor Fikrət İsmayılov qeyd etdi ki, Azərbaycanı 20 il bundan əvvəlki Azərbaycanla müqayisə etmək qeyri-mümkündür. 21 illik müstəqillik tarixinə malik olan Azərbaycan dövlətinin uğurlarının biri-birini əvəzləməsi harda yaşamasından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşında qürur hissi doğurmalıdır. Azərbaycan öz müstəqilliyinə nail olmaq üçün sınaqlardan uğurla çıxmış, xalqımız mərd, yenilməz olduğunu dünyaya nümayiş etdirmişdir. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizə aparan oğul və qızlarımız şəhidlik zirvəsinə ucalmışlar.

F.İsmayılov Azərbaycanın diplomatik mübarizədə qazandığı uğurlardan geniş bəhs etdi. Bildirdi ki, ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılır, dövlətlər, beynəlxalq təşkilatlar haqqın, ədalətin kimin tərəfində olduğunu aydın şəkildə görür və dəyərləndirir. Beynəlxalq təşkilatların qərar və qətnamələrində Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğu öz əksini tapıb.

O da qeyd olundu ki, birliyimizi möhkəmləndirməklə uğurlarımızın davamlılığına təmin etməliyik.

"İki sahil" qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə bildirdi ki, XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı cinayətkar erməni siyasətinin nəticəsidir. Bu gün qarşımızda duran əsas məqsəd faciənin soyqırımı olduğunu dünyaya tanıtmaqdır. Dövlətimiz bu istiqamətdə uğurlu addımlar atır.

Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun xidmətlərini önə çəkən V.Rəhimzadə bildirdi ki, Fond tərəfindən hazırlanan vəsaitlər-kitablar, albomlar, video disklər dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımı ilə əlaqədar keçirilən tədbirlərdə təbliğat vasitəsi kimi istifadə edilir. Xocalı soyqırımı qurbanlarının xatirəsi 30-dan çox ölkədə anılacaq. Dövlətin uğurlu siyasəti nəticəsində bu əminlik ifadə olunur ki, gün gələcək soyqırımı törədən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər. Azərbaycanın işğal altında olan torpaqları azad olunacaq və soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar.

V.Rəhimzadə Azərbaycanın 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə gedən yolda uğurlu addım kimi dəyərləndirdi. Dövlət başçısı İlham Əliyevin bu fikri xüsusi olaraq önə çəkildi ki, hər il və hər ay bizi qələbəyə yaxınlaşdırır. Hər il və hər ay Azərbaycan daha da güclü, Ermənistan daha da gücsüz olur.

Tədbirdə çıxış edən İnstitutun əməkdaşları erməni vəhşiliyini təsdiqləyən faktları qeyd etdilər. Bildirdilər ki, Azərbaycan dövlətinin uğurlu siyasəti nəticəsində erməni yalanları ifşa olunur, ermənilərin iç üzü dünyaya açıqlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti