...

ICAO Xocalı hava limanını istismara vermək cəhdlərini beynəlxalq hüquq normalarının açıq-aşkar pozulması kimi qiymətləndirir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Aprel 2013 19:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Kanadanın Monreal şəhərində, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) mənzil-qərargahında VI Ümumdünya Avianəqliyyat Konfransı keçirilib. "Hava nəqliyyatının davamlı inkişafı" şüarı altında keçirilən tədbirdə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Fuad Quliyev və Xarici əlaqələr şöbəsinin müdiri Eldar Bağırzadə iştirak ediblər.

Administrasiyadan Trend-ə verilən məlumata görə, konfransın gedişində avianəqliyyat sahəsinin inkişafı məsələləri müzakirə edilib, ICAO-nun uçuşların təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və ətraf mühitin qorunması sahəsində fəaliyyəti ilə bağlı məruzələr dinlənilib. Konfransın əsas vəzifəsi bazara çıxış, aviaşirkətlərin mülkiyyət formaları və onların milli mənsubiyyətinə nəzarət, istehlakçıların hüquqlarının qorunması və mülki aviasiya müəssisələrindən alınan vergilərin unifikasiyası kimi sahələrdə qlobal tənzimləmə sisteminin formalaşdırılması ilə bağlı təlimatçı sənədlərin və fəaliyyət planının hazırlanmasından ibarət olub.

Konfrans çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri ICAO-nun baş katibi Raymon Benjaminlə görüşərək əməkdaşlığın inkişafı məsələlərini, eləcə də hava daşımalarının təhlükəsizliyinin artırılması ilə bağlı problemləri müzakirə ediblər. Benjamin Azərbaycanın işğal olunmuş ərazisində, hərbi qarşıdurma zonasında yerləşən Xocalı mülki hava limanının istimarının yolverilməzliyi barədə ICAO-nun mövqeyini ifadə edib. Baş katib ICAO-nun Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın işğalı ilə bağlı qəbul etdiyi bütün qətnamələri dəstəklədiyini bildirib. Həmçinin vurğulanıb ki, Azərbaycan tərəfinin icazəsi olmadan və sertifikatlaşdırma keçirilmədən Xocalı hava limanını birtərəfli qaydada istismara vermək cəhdləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə böyük zərbə vurmaqla Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının, həmçinin beynəlxalq hüquq normalarının açıq-aşkar pozulması kimi qiymətləndirilir.

Həmçinin, Avropa İttifaqı nümayəndə heyətinin xahişi ilə Aİ və Azərbaycan arasında "Birgə səma" sazişi mətninin hazırlanması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Avropa İttifaqını Avropa Komissiyası Aviasiya və beynəlxalq nəqliyyat departamentinin direktoru Metyu Boldvin, aviasiya sahəsində xarici siyasət şöbəsinin müdiri Klaus Geil və Avropa Komissiyasının ICAO-dakı nümayəndəsi Kristofer Ross təmsil edib. Tərəflər saziş layihəsinin müvafiq hökumət orqanlarında razılaşdırılmasının gedişi barədə bir-birini məlumatlandırıblar.

Konfransın gedişində Avropa Mülki Aviasiya Konfransının müşavirəsi də baş tutub. İştirakçılar regionda mülki aviasiyanın inkişaf perspektivlərini, həmçinin 2013-cü ilin 24 sentyabr - 4 oktyabr tarixlərində Monrealda keçiriləcək ICAO Assambleyasının 38-ci sessiyası zamanı nəzərdə tutulan seçkilərdə Türkiyənin Qara Dəniz-Xəzər rotasiya qrupunun tərkibində iştirakını müzakirə ediblər.

Tədbirdə, eyni zamanda, ABŞ, Yəmən, Macarıstan, Ukrayna, Banqladeş və Səudiyyə Ərəbistanının nümayəndə heyətləri ilə mülki aviasiya sahəsində ikitərəfli dövlətlərarası əlaqələrin inkişafı məsələləri ətrafında müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti