...

Səfər Əbiyev: Azərbaycanın kiməsə bir qarış torpaq vermək niyyəti yoxdur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Sentyabr 2013 16:06 (UTC +04:00)
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorliki qəbul edib.
Səfər Əbiyev: Azərbaycanın kiməsə bir qarış torpaq vermək niyyəti yoxdur

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir İ.İzzət/

Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorliki qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, amerikalı həmsədri yeni təyinatı münasibətilə təbrik edən müdafiə naziri qonağı regionda mövcud hərbi-siyasi vəziyyət barədə məlumatlandırıb. Əsasən, Dağlıq Qarabağ probleminin səbəbləri üzərində dayanan nazir qeyd edib ki, Ermənistanın işğalçılıq siyasətinin iyirmi ildən çox davam etməsinə baxmayaraq, beynəlxalq birlik, xüsusilə, Minsk qrupu münaqişənin həlli istiqamətində səmərə verə biləcək təşəbbüslərlə çıxış etməyib:

"Əvəzində işğalçı ilə zərər çəkən tərəf çox zaman bərabər tutulub ki, bu da olduqca acı təəssüf doğurur. Azərbaycan münaqişə ilə bağlı öz ədalətli mövqeyini dəfələrlə ortaya qoysa da, nədənsə bu gün də bir biganəliyin şahidiyik".

Müdafiə naziri görüş zamanı BMT-nin qəbul etdiyi 4 qətnamənin icra edilməməsini, həmçinin 907-ci düzəlişin yaratdığı maneələri xüsusi vurğulayıb. Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün qəti və təsirli addımların atılmaması regionda vəziyyətin daha da kəskinləşməsinə geniş yol açır:

"Azərbaycan heç kimsənin torpağını işğal etməyib və bizim də kiməsə bir qarış torpaq vermək niyyətimiz yoxdur. Münaqişənin dinc şəraitdə həllinin yalnız bir yolu var ki, o da Ermənistan Silahlı Qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsidir. Biz başqa bir şərti təsəvvür etmirik".

Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylərini əsirgəməyəcəyini bildirən həmsədr C.Uorlik müzakirə olunan məsələ ilə əlaqədar Azərbaycanla əməkdaşlığını intensivləşdirəcəyini bildirib.

Görüşdə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar da iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti