...

"Xocalıya Ədalət" kampaniyası çərçivəsində Avropa Parlamentində beynəlxalq konfrans keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Dekabr 2013 12:59 (UTC +04:00)
Avropa Parlamentində “Etnik təmizləmə və İnsanlıq Əleyihinə törədilmiş cinayətdən sonra cəzasızlıq və məsuliyyət” (“İmpunity and Responsibilities after Crime against Humanity and Ethnic Cleansing”) adlı beynəlxalq konfrans keçirilmişdir.
"Xocalıya Ədalət" kampaniyası çərçivəsində Avropa Parlamentində beynəlxalq konfrans keçirilib (FOTO)

Azərbaycan, Bakı, 6 dekabr /Trend/

Avropa Parlamentində "Etnik təmizləmə və İnsanlıq Əleyihinə törədilmiş cinayətdən sonra cəzasızlıq və məsuliyyət" ("İmpunity and Responsibilities after Crime against Humanity and Ethnic Cleansing") adlı beynəlxalq konfrans keçirilmişdir.

"Xocalıya Ədalət" beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasından Trend-ə verilən məlumata görə, İƏT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə keçirilən, Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması və Xocalı faciəsinə beynəlxalq ictimaiyyət tərəfindən ədalətli siyasi-hüquqi qiymətin verilməsi məqsədi daşıyan "Xocalıya Ədalət" Beynəlxalq Təbliğat Kampaniyası çərçivəsində, İslam Konfransı Gənclər Forumu (DƏ-İKGF) və EMİSCO beynəlxalq təşkilatı tərəfindən təşkil edilən, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Avropa Parlamentinin Brüsseldəki mənzil qərargahında baş tutan konfransda AP-nin müxtəlif ölkələrdən olan deputatları, Belçikada akreditə olunmuş xarici ölkələrin səfirləri, o cümlədən müxtəlif beynəlxalq qeyri-hökumət təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak etmişlər.

"Xocalıya Ədalət" beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının koordinatoru Sevinc İsgəndərovanın verdiyi məlumata görə, konfransın açılış mərasimində Avropa Parlamentinin Avstriyadan olan millət vəkili Karin Kadenbadic və Saccad Karim çıxış edərək bütün dövrlərdə, xüsusilə də Xocalıda insanlıq əyeyhinə törədilən qətliamları pisləmiş, bunun dünyada sülh və sabitliyin pozulmasına rəvac verdiyini bildirmiş, həmçinin bəşəriyyətə qarşı addım kimi dəyərləndirmişlər.

Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov, İƏT-in Avropa İttifaqı üzrə nümayəndəsi Arif Məmmədov çıxış edərək Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın işğalı, o cümlədən bir milyondan artıq məcburi köçkünün olması barədə məlumat vermiş, xüsusi amansızlıqla törədilmiş Xocalı soyqırımının günahkarlarının hələ də cəzasız qaldığını diqqətə çatdırmışlar.

Açılış mərasimindən sonra beynəlxalq konfrans öz işini panel müzakirəsi ilə davam etdirmişdir. "Xocalıya Ədalət" beynəlxalq təbliğat kampaniyasının koordinatoru Sevinc İsgəndərova tərəfindən kampaniyanın təqdimatı olmuş, məruzəçilər Jean Mukimbiri, Mark Barwick, Özbil Bıyıklı, Vüsal Qurbanov və Amir Foratan tərəfindən insanlıq əleyhinə törədilmiş cinayətlərin bütün bəşəriyyətə zərər verdiyi, bu cinayətləri törədənlərin cəzasız qalmamalarının vacibliyi vurğulanmış, Ermənistanın təcavüzü nəticəsində Xocalıda törətdilən vəhşiliklər pislənmiş, bu cinayətin soyqırım aktı olduğu və ona Ruanda, Srebrenisa, Sudanda törədilmiş soyqırımlar kimi beynlxalq siyasi-hüquqi qiymətin verilməsinin vacibliyini vurğulamışlar.

Müzakirələr zamanı səsləndirilmiş fikirlər sistemləşdirilib birgə bəyannamə şəklində imzalanaraq beynəlxalq təşkilatlara təqdim edilmişdir.

Qeyd edək ki, "Xocalıya Ədalət" beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası ("Justice for Khodjaly") 2009-cu ildən həyata keçirilir. Kampaniya tərəfindən aparılan çoxsaylı fəaliyyət nəticəsində Xocalı qətliamı İƏT Dövlət baççıları Şurası və Parlament Assambleyası, həmçinin Pakistan və Meksika parlamentləri tərəfindən soyqırım aktı kimi tanınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti