...

BQXK itkin düşmüş şəxslərin ailə üzvlərindən bioloji nümunələrin toplanması üçün yeni layihəyə başlayır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Yanvar 2014 11:41 (UTC +04:00)
Azərbaycanda itkin düşmüş şəxslərin ailələrinin problemləri çoxtərəflidir. Onların ehtiyacları öyrənilir.
BQXK itkin düşmüş şəxslərin ailə üzvlərindən bioloji nümunələrin toplanması üçün yeni layihəyə başlayır

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir İ.İzzət/

Azərbaycanda itkin düşmüş şəxslərin ailələrinin problemləri çoxtərəflidir. Onların ehtiyacları öyrənilir. Bundan asılı olaraq onlara yardım göstərilir. Trend-in məlumatına görə, bunu cümə günü Bakıda keçirdiyi brifinqdə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Deniz Duran deyib.

Onun sözlərinə görə, bugünədək 856 itkin düşmüş şəxsin ailəsi dəstək üçün dövlət orqanlarına yönləndirilib. Bunlar ev, stasus, təqaüd və s. problemlərlə bağlı olub. Bundan əlavə, 376 nəfər şəxsin ailəsi İran Qızıl Aypara Cəmiyyətinin klinikasına yönləndirilib, 39 şəxsə isə əlil arabası və qışda qorunmaq üçün qızıdırıcılar verilib.

D.Duran deyib ki, lakin həmin ailələrin ən böyük ehtiyacı itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsidir: "Hazırda Azərbaycan və Ermənistanın müvafiq dövlət komissiyaları ilə birbaşa əlaqə olmadığına görə, əsasən itkin düşmüş şəxslər haqqında olan məlumatın toplanılması istiqamətində fəaliyyət göstərilir. Hazırda belə bir proqram icra edilir. BQXK itkin düşmüş şəxslər barədə toplanan məlumatları mərhələlərlə müvafiq dövlət komissiyalarına təhvil verir. Növbəti addım isə həmin şəxslərin ailələrindən bioloji nümunələrin toplanması mərhələsidir. Bioloji nümunə olaraq ağız suyu götürülür. Yaxın müddətdə bu layihənin pilot hissəsini həyata keçirəcəyik. Çünki bu, minlərlə insanı əhatə edən böyük layihədir. Daha sonra isə bütün itkin düşmüş şəxslərin ailələrini əhatə edəcək. Bu layihə də bütün regionlarda eyni müddətdə həyata keçiriləcək. Layihə 3 ay ərzində başlayacaq. 2014-cü ilin ortalarına doğru layihənin pilot hissəsi bitməlidir. Pilot variant Bakıda yaşayan yüz ailəni də əhatə edəcək".

D.Duran deyib ki, bəziləri üçün bu, çaşqınlıq yarada bilər: "Elə hesab edilir ki, əgər biz o şəxslər barədə bioloji nümunə götürürüksə, dərhal itkin düşən şəxslərin taleyinə aydınlıq gətiriləcək. Bu, belə deyil. Bu, məsələn, vaxtı gəldikdə tapılmış insan qalıqlarının DNT yolu ilə müayinəsi ilə tutuşdurulacaq. Bu məlumatlar xüsusi informasiya bankında yığılacaq. Bu məsələdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə əməkdaşlıq edirik. Onlar müəyyən edir ki, ailələlərdən götürülmüş bioloji nümunələr harada saxlanılacaq".

D.Duran qeyd edib ki, hazırda Azərbaycanda bir erməni hərbçi əsir və 5 mülki şəxsdən ibarət bir erməni ailəsi var. Ermənistanda isə azərbaycanlı əsir yoxdur. Son 21 il ərzində BQXK-nın vasitəçiliyi ilə hər iki tərəfdən təxminən 700 nəfər qaytarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti