Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir İlkin İzzət/
Azərbaycan Silahlı Qüvvələri düşmənin istənilən istiqamətdə hərəkətlərinin qarşısını almaq üçün sərəncamında olan istənilən silah və sursatdan istifadə etməyə hazırdır.
Bunu Trend-ə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı kütləvi informasiya vasitələrində Ermənistan Müdafiə Nazirliyinə istinadən Azərbaycan Ordusunun ermənilərin hərbi mövqelərini artilleriya silahlarından, qumbaraatan, minaatan, zenit qurğuları və digər iriçaplı silahlardan atəşə tutduğu və bunun nəticəsində Ermənistan tərəfinin böyük itkilər verdiyi barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.
Azərbaycan Ordusu tərəfindən cəbhə xətti boyu ağır texnika və ən müasir silahların cəmlənməsi məsələsinə gəlincə, V.Dərgahlı bildirib ki, Azərbaycan öz hərbi texnikalarını ərazisi çərçivəsində hərəkət etdirməyə səlahiyyətlidir: "Keçirilən yerdəyişmələr planlı surətdə və istənilən istiqamətdə aparıla bilər. Biz bununla bağlı heç kimə hesabat verməli deyilik və verməyəcəyik. Azərbaycan Silahlı Qüvvələrinin arsenalında ən müasir silah və texnikalar var və yeri gəldikcə, onlardan düşmənə qarşı istifadə olunur və olunacaq".
O, həmçinin qeyd edib ki, Ermənistan silahlı birləşmələri də öz növbəsində, Azərbaycan Ordusunun mövqelərini avtomat silahlardan, snayper tüfənglərindən və müxtəlif iriçaplı silahlardan atəşə tuturlar.