Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir Səba Ağayeva/
Litvanın Azərbaycandakı səfirliyi ölkə Seyminin (parlament) deputatının Dağlıq Qarabağa səfəri barədə məlumatlandırılmayıb. Bu barədə çərşənbə axşamı Trend-ə Litvanın Azərbaycandakı səfirliyindən Seymin deputatının Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə səfərini şərh edərkən bildiriblər.
Səfirlikdən qeyd ediblər ki, səfər deputatın şəxsi təşəbbüsü ilə baş tutub.
Qeyd edək ki, Ermənistan KİV-in məlumatına görə, litvalı deputat Dalya Kuodite sentyabrın 1-də Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə, Dağlıq Qarabağa səfər edərək separatçı rejimin nümayəndələri ilə görüşüb.
Dağlıq Qarabağa və Ermənistanın işğal etdiyi digər Azərbaycan ərazilərinə Azərbaycan tərəfi ilə razılaşdırılmamış səfərlər qanunsuz hesab edilir, bu səfərləri edən şəxslər isə Azərbaycan XİN-in "arzuolunmaz şəxslər" siyahısına salınırlar.