...

AMEA-nın baş elmi işçisi: Sərsəng su anbarında qəza olarsa, su ətrafdakı bütün canlı aləmi məhv edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Noyabr 2014 13:50 (UTC +04:00)
Əgər işğal altındakı ərazidə yerləşən Sərsəng su anbarında qəza olarsa, 60-70 dəqiqəyə ən azı yarım metr hündürlükdə su axını 48 km kənarda yerləşən Bərdəyə çatacaq.
AMEA-nın baş elmi işçisi: Sərsəng su anbarında qəza olarsa, su ətrafdakı bütün canlı aləmi məhv edəcək

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir İlkin İzzət/

"Sərsəng su anbarında qəza olarsa, Fövqəladə Hallar Nazirliyi nə baş verəcəyini hesablayıb. Əgər işğal altındakı ərazidə yerləşən Sərsəng su anbarında qəza olarsa, 60-70 dəqiqəyə ən azı yarım metr hündürlükdə su axını 48 km kənarda yerləşən Bərdəyə çatacaq. Su yolu üzərindəki bütün canlı aləmi məhv edəcək".

Trend xəbər verir ki, bunu bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Hüqüq İnstitutunun baş elmi işçisi Ramiz Sevdimalıyev "Qlobal və regional hidrosiyasi problemlər beynəlxalq əməkdaşlıq və təhlükəsizlik kontekstində" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

"İşğal altında qalmış Sərsəng su anbarının Azərbaycan üçün təhdidlərinin beynəlxalq siyasi-hüquqi aspektləri mövzusunda" məruzə ilə çıxış edən R.Sevdımalıyev deyib ki, Sərsəng su anbarında qəza avadanlıqların istismar müddətinin başa çatması, iqlim dəyişikliyi ilə əlaqədar daşma və digər səbəblərdən baş verə bilər.

O, qeyd edib ki, Ermənistan su anbarlarından daim Azərbaycana qarşı kütləvi qırğın və vahimə vasitəsi kimi istifadə edir: "Bu yaxınlarda Azərbaycan təmas xəttində Ermənistan vertolyotunu vurmağa məcbur oldu. Ermənistan isə Mingəçevir su anbarını partlatmaqla hədələdi".

Onun sözlərinə görə, işğala qədər həmin zonada 100 min hektara qədər torpaq suvarılırdı. İşğaldan sonra Azərbaycan bu imkanlarından yararlana bilmədi: "Tərtər, Bərdə, Yevlax, Ağdam, Goranboy rayonları Sərsəng su anbarından istifadə edilməklə torpaqların suvarılması imkanlarını itirdi. Ermənilər yayda, suya ehtiyac olanda Sərsəng su anbarından suyu vermir, qışda, ehtiyac olmayanda isə suyu buraxır. Nəticədə Tərtərçayda sel, daşqın yaranır".

AMEA-nın baş elmi işçisi əlavə edib ki, hazırda yerli əhali əsasən artezian sularından istifadə edir. Lakin bu məsələdə də problemlər yaranmağa başlayıb: "Əvvəllər artezian quyularında su 25-30 metrdən çıxırdısa, indi 110 metrdən çıxır. Nəticədə torpağın strukturu dəyişir, bir çox bitkilər artıq bu torpaqlarda bitmir".

R.Sevdimalıyev bildirib ki, Sərsəng su anbarı probleminin həlli ayrıca deyil, Azərbaycan torpaqlarının işğalı probleminin həlli kontekstində həll olunmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti