...

XİN: Senatda müzakirəyə çıxarılan "Dağlıq Qarabağ münaqişəsinin qurbanları" layihəsi azərbaycanlıları da əhatə edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 İyul 2015 19:41 (UTC +04:00)
Son günlərdə bəzi şəxslər tərəfindən ABŞ Senatının alt-komitəsində müzakirəyə çıxarılan “Dağlıq Qarabağ münaqişəsinin qurbanları"na yardım adlı layihə məsələsi özünəməxsus formada təhrif edilir.
XİN: Senatda müzakirəyə çıxarılan "Dağlıq Qarabağ münaqişəsinin qurbanları" layihəsi azərbaycanlıları da əhatə edir

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir Səba Ağayeva/

Son günlərdə bəzi şəxslər tərəfindən ABŞ Senatının alt-komitəsində müzakirəyə çıxarılan "Dağlıq Qarabağ münaqişəsinin qurbanları"na yardım adlı layihə məsələsi özünəməxsus formada təhrif edilir. Bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O, qeyd edib ki, ABŞ-ın qanunverici orqanı tərəfindən "Dağlıq Qarabağ münaqişəsinin qurbanları"na yardım edilməsi məsələsi uzun müddətdir ABŞ tərəfi ilə müzakirə edilir və bununla əlaqədar Azərbaycanın narahatlığı və narazılığı ABŞ tərəfinə daimi olaraq çatdırılır: "Baxmayaraq ki, "Victims of the Nagorno-Karabakh conflict" ifadəsi mahiyyət və qrammatika baxımdan münaqişənin bütün qurbanlarını, o cümlədən azərbaycanlıları əhatə edir. Azərbaycanlıların münaqişənin əsas qurbanı olmasını heç kim inkar edə bilməz".

H.Hacıyev bildirib ki, bu maddə ilə təxsis olan vəsait əsasən humanitar mina təmizlənməsinə sərf olunur: "Məhz buna görə də Ermənistan tərəfi ABŞ-da olan erməni lobbisinin bütün imkanlarını səfərbər edərək bu ifadəni "Victims in Nagorno-Karabakh" formasında dəyişdirməyə çalışır. İngilis dilində anlayışı olanlar bu fərqi yaxşı başa düşürlər. Ümumiyyətlə isə qeyd edilməlidir ki, son bir neçə ildə ABŞ Konqresi bu bənd altında hər hansı yardım ayırmayıb".

XİN rəsmisi deyib ki, hazırda Senatın alt-komitəsində 2016-ci il üzrə müzakirə olunan sənəd yalnız layihədir və bu məsələ ümumiyyətlə, Nümayəndələr Palatasının gündəliyində deyildir: "Layihə ilə bağlı yekun qərar hər iki palatanın müzakirəsindən sonra qəbul olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti