...

Ehtiyatda olan general: Azərbaycanın zərbə və məhvetmə vasitələri Ermənistandakından qat-qat üstündür

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Fevral 2016 17:59 (UTC +04:00)
Azərbaycan Ordusunun ehtiyatda olan general-leytenantı, keçmiş korpus komandiri Yaşar Aydəmirov istefada olan erməni general Arkadi Ter-Tadevosyanın iddialarına cavab verib.
Ehtiyatda olan general: Azərbaycanın zərbə və məhvetmə vasitələri Ermənistandakından qat-qat üstündür

Bakı. Trend:

Azərbaycan Ordusunun ehtiyatda olan general-leytenantı, keçmiş korpus komandiri Yaşar Aydəmirov istefada olan erməni general Arkadi Ter-Tadevosyanın iddialarına cavab verib.

Y.Aydəmirov qeyd edib: "Dinc Azərbaycan əhalisinə qarşı döyüşlərdə qaniçənliyi, amansızlığı ilə şöhrət tapmış "Kommandos" ləqəbli Ter-Tadevosyan bu günlərdə erməni jurnalistləri qarşısında çıxış edib. Hərbi məsələlərdən başı çıxmayan, yazı-pozu ilə məşğul olan jurnalist qardaşlarına bu "qəhrəman" "Azərbaycanın birtərəfli qaydada məhv ediləcəyi" barədə pafoslu, hədə-qorxu dolu fikirlərini çatdırıb. Onun sözlərinə görə, Ermənistanın və "Dağlıq Qarabağ" ermənilərinin sərəncamında guya "sınaqdan çıxmış texnika" və "3-4 neft-qaz platformasına tuşlanmış hansısa mifik raketlər mövcuddur"!

Gülüş doğuran və təəccübləndirən isə odur ki, bəyan etdiyi bu sayıqlamaları o, BMT Nizamnaməsinin 51-ci maddəsindəki "ölkəyə hücum olduğu təqdirdə özünümüdafiə hüququ" ilə pərdələməyə cəhd göstərir. Qeyd edək ki, yalnız təhdid olduğu halda deyil, birbaşa işğala məruz qaldığı halda da bu hüquqdan istifadə etməyə əsas var. Amma bu üzdəniraq, qəddarlığı ilə öyünən "keçmiş döyüşçü" dediklərindən eyforiyaya gələrək bütün məsələləri baş-ayaq çevirir".

Y.Aydəmirov bildirib ki, Ter-Tadevosyan hətta öz yalanlarına, uydurmalarına Ermənistan prezidenti və müdafiə nazirinin guya bu barədə Azərbaycanı nə vaxtsa "xəbərdar" etmələri barədə mülahizələrini də qoşur: "Cənab Ter-Tadevosyan, heç nəyi qarışdırmırsınız ki?! Çünki məhz siz təcavüzkar siyasət yeridib Azərbaycan torpaqlarını işğal etmisiniz, dinc əhalini qanına qəltan edərək bir milyondan artıq insanın doğma yurd-yuvasından didərgin düşməsinə səbəbkarsınız".

Ehtiyatda olan azərbaycanlı general əlavə edib: "Mən ağlını itirmiş erməni "sərkərdəsi" və sizə bənzər digər "strateqlərlə" heç bir polemikaya qoşulmadan sadəcə olaraq soruşmaq istəyirəm:

1. Xankəndidən ən yaxın platformayadək 300 km-dən artıq məsafə olan halda siz neft-qaz platformalarını necə və nə ilə məhv etməyə hazırlaşırsınız?! Siz heç olmasa istifadənizdə olan raket sistemlərinin məsafə üzrə zərbələrin endirilməsi imkanlarını öyrənin, sonra danışın! Bu imkanlar R-300 kompleksində - maksimum 300 km, sahə üzrə isə 100x100 m. Sizin diqqətlə yoxladığınız texnikanın sırasında hədəfləri dəqiq məhv etmək imkanlarına malik bir dənə də olsun nümunə yoxdur!

2. Məgər Gürcüstandan keçən neft boru kəmərinin partladılması nəticəsində infrastruktura ciddi ziyan dəyə bilər?! Əgər fərz etsək ki, sizin "igid pəhləvan-diversantlar və yaxud yoxladığınız texnika" beton hasarla mühafizə olunan boru kəmərini sıradan çıxarmağa nail olsalar belə, birincisi, neftin nəqlini dayandıran avtomatik sistem işə düşür. İkincisi isə bu cür qəzaların, nasazlıqların nəticələri xüsusi qüvvələr və vasitələrlə dərhal aradan qaldırılır".

Y.Aydəmirovun sözlərinə görə, nəzərə almaq lazımdır ki, Azərbaycanın sərəncamında olan, sınaqdan çıxmış zərbə və məhvetmə vasitələri Ermənistandakılardan qat-qat üstündür: "Onları yerinə oturtmaq, düşmənə sarsıdıcı zərbələr endirmək və sağalmaz yara vurmaq üçün həmin texnika hədəfə tuşlanaraq hazır vəziyyətdədir. Bu zərbələrdən hətta sizin sevimli paytaxtınız - "ən gözəl" İrəvan şəhərinin də yayınması istisna deyil. Əgər biz Dağlıq Qarabağ probleminə hələ də səbr, təmkinlə yanaşırıqsa, şübhəsiz ki, bu öz qərarlarında beynəlxalq hüququn normalarına və prinsiplərinə, BMT-nin münaqişəyə dair qətnamələrinin tələblərinə hörmətlə yanaşan Prezidentimizin alicənablığının, müdrikliyinin və xalqımızın sülhsevərliyinin nəticəsidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti