Bakı. Trend:
ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsi tərəflərindən atəşkəs rejiminə ciddi riayət edilməsini gözləyir.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
O bildirib: "Biz tərəflərdən atəşkəs rejiminə ciddi riayət edilməsini gözləyirik. Güc tətbiqinə istənilən qayıdış vasitəçilər və həmsədr ölkələr tərəfindən ciddi şəkildə pisləniləcək".
C.Uorlik qeyd edib ki, vasitəçilər tərəfləri Vyana və Sankt-Peterburq görüşlərindəki razılaşmaları həyata keçirməyə çağırıblar:
"Həmin görüşlər ATƏT-in monitorinq qrupunun genişləndirilməsini, qoşunların təmas xəttində insidentlərin araşdırılması mexanizmlərinin yaradılması barədə təkliflərin razılaşdırılmasını, münaqişənin hərtərəfli nizamlanmasına gətirib çıxara biləcək danışıqların davam etdirilməsini ehtiva edir".